Kənd təsərrüfatı sahəsi niyə yüksək riskli hesab olunur?- ÖZƏL

"Yalnız iqtisadiyyat və demoqrafiya arasında əlaqələri tam olaraq araşdırmayan və bilməyən insanları mövcud demoqrafik vəziyyət həm genofond, həm iqtisadiyyat, həm də dövlətin güclənməsi baxımından narahat etməyə bilər. Dünyada bir neçə ölkə kənd təsərrüfatını tam olaraq dövlətin himayəsi və nəzarəti altına almış və həmin ölkələrin hər birində ciddi aclıq olmuş, iqtisadiyyatlarının zəifləməsi və çökməsində məhz kənd təsərrüfatı həlledici rollardan birini oynamışdır. Qəribədir ki, bu ölkələr kənd təsərrüfatı sahəsində ciddi potensialı olub məhz bu amilə arxayın olaraq kənd təsərrüfatını dövlət patronajlığı altına almış ölkələr olub. Keçmiş SSRİ, Çin, Ukrayna, Latın Amerikası ölkələri, bəzi keçmiş sosialist dövlətləri olmuş kasıb Şərqi Asiya ölkələri". "Olaylar" xəbər verir ki, bunu iqtisadçı ekspert Elman Sadıqov deyib: "Ölkəmizdə kənd təsərrüfatı sahəsi ilə bağlı Proqram qəbul olundu və Qanun qəbul olunur. Səmimi olaraq bu sahədə ciddi addımlar atmağa çalışan və hazırda Proqramın icrası üçün əmək və enerji sərf edən, bütün qüvvələrini səfərbər edən Kənd Təsərrüfatı Nazirliyinin bu fəaliyyətini təqdir edirəm. Lakin, hər bir proqramda olduğu kimi bu Proqramda da həm müsbət və perspektivli, həm də ciddi risklər formalaşdıran məsələlər var. Nə birtərəfli təriflərə aludə olmaq, nə də birtərəfli qərəzli tənqidlərə fokuslanmaq lazımdır. Bağçılıq sahəsində atılan addımlar təqdirəlayiqdir, heyvandarlıq sahəsində atılan addımlar problemlərin həlli üçün kifayət deyil, birkiçilik üzrə isə daha ciddi risklər formalaşma ehtimalı yüksəkdir. Təəssüf ki, primitiv nüansların şişirdilərək tənqid olunması və ya birtəfəli olaraq hər şeyə pozitiv yanaşma bu Proqramın obyektiv təhlili və icrasında ən böyük maneədir! 
 Kənd təsərrüfatı sahəsi o qədər riskli sahədir ki, dünyada böyük holdinqlər öz biznes və investisiyalarını hətta diversifikasiya etdikdə belə bu sahədən maksimum uzaq durmağa çalışırlar. İnsanlar arasında yanlış təbliğatlar da gedir. Məsələn, Bill Gates torpaqlar alır və yəqin ki, kənd təsərrüfatı sahəsinə keçəcək deyilirdi. Bu şayiəni bilərəkdən ortaya atmışdılar. Bill Gates və digər texnoloji şirkətlər data mərkəzləri üçün lazım olan torpaq sahələri alırmış və bu mərkəzlər şəhər və sıx yaşayış yerlərindən uzaq olmalı idi; 
 Kənd təsərrüfatında yüksək risklər səbəbindən dövlətlər bu sahəyə daha çox dotasiya və subsidiyalar ayıraraq ərzaq təhlükəsizliyi riskini dövlətin üzərindən özəl sektorun üzərinə atır, lakin burada həm dəstəkçi, həm də futbolda olduğu şəkildə hakim rolunu oynayırlar. Oyuna qarışmır, topa dəymir, oyunda gözə görünmür, ədalətli tənzimləmə aparır.
 Kənd təsərrüfatı niyə yüksək riskli hesab olunur? Düşünün ki, bir bank və ya maliyyə sektoru batır. Dövlət büdcədən və ya strateji valyuta ehtiyatlarından və ya xaricdən borclanaraq və ya investisiya cəlb edərək 1-3 ay içərisində pul inyeksiyası ilə sektoru çökməkdən qurtara bilir. Kənd təsərrüfatı sahəsi çökdükdə isə bir neçə problem birlikdə gəlir: məşğulluq kəskin azalır, ərzaq təhlükəsizliyi və ən əsası bu sektor əhalinin 90%-nə birbaşa mənfi təsir edir. Heç bir pul həmin anda, həmin aylarda heç nə edə bilmir. Çünki, növbəti mövsümü və ya mövsümləri gözləmək lazımdır. Bir də, digər sahələrdən çıxan iş adamları (xidmət, istehsal və sair) operativ olaraq həmin sahəyə qayıdırlar, kənd təsərrüfatı sahəsindən çıxan fermerin həmin sahəyə geridönüş faizi digər sektorlara nisbətən aşağı, geridönüş müddəti isə bir neçə dəfə uzundur. Kənd təsərrüfatı yeganə sahədir ki, çöküşü aclıq, ölüm, kataklizmlər və hətta dövlətin sütunlarının ciddi şəkildə laxlamasına səbəb olur. Ölkələrin nümunələrinə nəzər salmaq kifayətdir.
 Doğru olaraq bir sıra sahələrdə 2030-cu ilə qədər olan dövrə fokuslanmışıq. Lakin, bəzi sahələrdə (demoqrafiya, alternativ enerji, rəqəmsallaşma ilə yanaşı data təhlükəsizliyi, kənd təsərrüfatı sahəsində emal sənayesi və digər) daha uzun müddətə strateji inkişaf proqramlarının və ən əsası vizyonun formalaşdırılmasına ehtiyac var. 
Mən sadəcə olaraq bir-iki istiqamət üzrə əsas qayğıları qeyd etdim. Bu sahələrdə siyasət formalaşdıran müvafiq qurumların qeyd etdiyim istiqamətlərdə araşdırmalar apararaq məsələlərə fərqli prizmalardan baxacağına inanıram. Nəyi nəzərdə tuturam? Məsələn, əminəm ki, demoqrafik məsələlərlə və bu sahədə formalaşan çağırışlarla bağlı məsələlər yüksək səviyyədə qaldırılıb, təhlil olunub. Lakin, demoqrafik vəziyyətin mövcud gedişatının (yeri gəlmişkən bu istiqamətdə son illərə qədər daha çox pozitiv yanaşmalar məhz yanıldıcı olub. Biz demoqrafik məsələlərdə gecikmə effektlərini bir çox hallarda arxa plana atmışıq) iqtisadiyyatın hansı sahələrinə nə dərəcədə təsir edəcəyi, açıq desək hansı sahələri ciddi şəkildə çökdürmə risklərinin olması, ÜDM artımından büdcə daxilolmalarına qədər orta (3-5 il) və uzun (5 ildən yuxarı) perspektivlərdə hansı fəsadlar doğura biləcəyini təhlil etməli və müxtəlif senarilərlə yarana biləcək vəziyyətə həm hazır olmalı, həm də risk yumşaldıcı tədbirlər görməyə çalışmalıyıq. Yəni, biz ayrı-ayrı sahələrdə dar çərçivədə fokuslanırıq, hər bir sahənin digər sahələrə təsirləri, o cümlədən iki və çoxtərəfli təsirlərini isə bir çox hallarda ölçmürük.    
Dəfələrlə qeyd etdiyim kimi, növbəti təlatümlü dövrlərə yaxşı strateji valyuta ehtiyatları, ən aşağı xarici borc göstəriciləri ilə daxil olsaq da, təlatümlərin gözlənilən miqyası, dərinliyi və amplitudası digər dayanıqlı iqtisadi göstəricilərə də nail olmaqla daha dayanıqlı iqtisadiyyatla təlatümlü (bu söz artıq zəifdir) deyil, hətta fırtınalı dövrlərə qədəm qoymağın əsas strateji istiqamətimiz olduğuna inanıram".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31