Qlobal iqtisadi əməkdaşlığın yeni mərhələsi

Müasir dünyada iqtisadi gücün mühüm göstəricilərindən biri ölkənin beynəlxalq əlaqələr sistemində tutduğu mövqedir. Dövlətlərin rəqabət qabiliyyəti artıq yalnız istehsal imkanları, təbii sərvətləri və maliyyə resursları ilə ölçülmür. Nəqliyyat şəbəkələrinin inkişafı, rəqəmsal həllərin tətbiqi, gömrük prosedurlarının çevikliyi və insan kapitalının keyfiyyəti də iqtisadi tərəqqinin əsas şərtləri sırasındadır. Azərbaycanın son illərdə bu istiqamətlərdə həyata keçirdiyi siyasət ölkəmizin regional iqtisadi proseslərdə iştirakını genişləndirir, beynəlxalq tərəfdaşlarla əlaqələrini daha məzmunlu edir. Azərbaycanın investisiya cəlbediciliyində iqtisadi sabitliklə yanaşı, uzunmüddətli əməkdaşlıq və müqavilə öhdəliklərinə sadiqlik də mühüm amil kimi çıxış edir. Uzun illər əvvəl imzalanmış enerji müqavilələrinin şərtlərinin qorunması bu istiqamətdə formalaşmış etimadın əsas göstəricilərindən biri kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyevin II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə çıxışı ölkənin investisiya imkanlarının həm mövcud iqtisadi göstəricilərlə, həm də nəqliyyat infrastrukturu, enerji potensialı, regional bağlantılar, insan kapitalı və sabit biznes mühiti ilə şərtləndiyini nümayiş etdirir. Dövlət başçısının fikirləri Azərbaycanın qarşıdakı mərhələdə tranzit, enerji və yeni texnologiyalar sahəsində mövcud imkanlarını daha da genişləndirmək niyyətini ortaya qoyur. Dövlət başçısının Azərbaycanın coğrafi mövqeyi ilə yanaşı, Mərkəzi Asiya regionunda qazandığı yeni imkanlara diqqət çəkməsi ölkəmizin beynəlxalq iqtisadi münasibətlərdə artan rolunu səciyyələndirir. Azərbaycanın Cənubi Qafqazda yerləşməsi onun regional bağlantılardakı əhəmiyyətini müəyyən edən amillərdən biridir. Bununla belə, ölkəmizin iqtisadi əlaqələri coğrafi sərhədlərlə məhdudlaşmır. Mərkəzi Asiya ilə əməkdaşlığın genişlənməsi Azərbaycanı Xəzər dənizinin hər iki sahilində formalaşan iqtisadi və nəqliyyat əlaqələrinin mühüm iştirakçısına çevirir. Bu yaxınlaşma Şərq-Qərb istiqamətində yükdaşımaların inkişafı, ticarət əlaqələrinin dərinləşməsi və yeni investisiya layihələrinin meydana çıxması üçün əlavə imkanlar yaradır. Prezident İlham Əliyevin çıxışında idarəçilik, inzibati prosedurlar, nəqliyyatın rəqəmsallaşdırılması və gömrük qaydalarının təkmilləşdirilməsinə xüsusi diqqət yetirilməsi təsadüfi deyil. Beynəlxalq investorlar və yükdaşıma şirkətləri üçün marşrutun coğrafi baxımdan əlverişli olması vacibdir, lakin bu, uğurun yeganə şərti deyil. Sərhədlərdə vaxt itkisinin azaldılması, qaydaların aydınlığı, sənədləşmə proseslərinin sadələşdirilməsi və əməliyyatların rəqəmsal idarə edilməsi də iqtisadi səmərəliliyə birbaşa təsir göstərir. Məhz bu səbəbdən nəqliyyat infrastrukturunun inkişafı müasir idarəetmə sistemləri ilə tamamlanmalıdır. Limanların, körpülərin və gəmilərin yaradılması fiziki bağlantıları gücləndirsə də, yük axınlarının sürətli emalı və hərəkətinin əlaqələndirilməsi rəqəmsal imkanlardan asılıdır. Prezident İlham Əliyevin vurğuladığı kimi, gömrük administrasiyasının müasir tələblərə uyğunlaşdırılması və yükdaşımaların emal prosedurlarının asanlaşdırılması rəqabət qabiliyyətinin qorunması üçün mühüm əhəmiyyət daşıyır. Bu yanaşma Azərbaycanın tranzit imkanlarını daha geniş iqtisadi üstünlüyə çevirmək məqsədinə xidmət edir.

Bu gün iqtisadiyyatın müxtəlif sektorlarını təmsil edən bir çox aparıcı beynəlxalq şirkətin Azərbaycanı etibarlı tərəfdaş kimi qəbul etməsi faktı və son 20 ildə ölkəmizə 350 milyard ABŞ dollarından çox investisiya cəlb olunmaısı Azərbaycanda əlverişli investisiya mühitinin olduğunu təsdiq edir. Ölkədə əsas daxili infrastrukturun formalaşdırılması istiqamətində görülən işlər də investisiya mühitinin mühüm dayaqlarından biridir. Ölkənin 96 faizinin qazlaşdırılması, elektrik enerjisi və genişzolaqlı internetlə tam əhatə olunması, dəmir yolu şəbəkəsinin yenilənməsi, doqquz beynəlxalq hava limanının fəaliyyəti, dəniz limanının genişləndirilməsi iqtisadi fəaliyyət üçün geniş infrastruktur bazası yaradır. 

Elektrik enerjisi bu baxımdan xüsusi potensiala malik sahələrdən biri kimi təqdim olunur. Daha geniş regional coğrafiyada əlavə enerji gücünə malik ölkələrin sayı məhduddur. Bir sıra dövlətlərin enerji çatışmazlığı ilə üzləşməsi, enerji resurslarını xaricdən, o cümlədən Azərbaycandan əldə etməsi mövcud imkanların əhəmiyyətini artırır. Ölkədə artıq 250 meqavatlıq ehtiyat gücün olması isə başlanğıc mərhələ kimi qiymətləndirilir. Qarşıdakı dövrdə məqsəd elektrik enerjisinin mühüm təchizatçılarından birinə çevrilməkdir. Bu istiqamətdə bərpaolunan enerji yalnız yeni generasiya güclərinin yaradılması ilə məhdudlaşmır. Ötürücü şəbəkələrin genişləndirilməsi, enerjisaxlanc sistemlərinin qurulması, elektrik enerjisinin xarici bazarlara çıxarılması da mühüm investisiya istiqamətləridir.

İnfrastrukturun vacib istiqamətlərindən biri də elektrik enerjisinin ötürülməsi ilə bağlıdır. Dövlət başçısının bu sahədə böyük potensiala diqqət çəkməsi enerji və nəqliyyat sistemlərinin qarşılıqlı əlaqəsini ön plana çıxarır. Elektrikötürmə xətlərinin inkişafı enerji təminatının etibarlılığını gücləndirməklə yanaşı, regional əməkdaşlıq üçün də yeni imkanlar yaradır. Azərbaycanın enerji resursları və tranzit mövqeyi bu istiqamətdə həyata keçirilə biləcək layihələrin əhəmiyyətini artırır. Lakin infrastrukturun və texnologiyanın inkişafı insan kapitalı ilə tamamlanmadıqda dayanıqlı nəticələr əldə etmək çətinləşir. Prezident İlham Əliyev ölkənin iqtisadi gələcəyində kadr potensialının və toplanmış təcrübənin mühüm rolunu xüsusi qeyd edib. Təhsil sahəsində görülən işlər və yüksək savadlılıq səviyyəsi Azərbaycanın bu istiqamətdə malik olduğu əsas üstünlüklərdəndir. Müasir iqtisadiyyatın tələblərinə cavab verən mütəxəssislərin hazırlanması rəqəmsallaşma, logistika, enerji və sənaye sahələrində yeni imkanların reallaşdırılması üçün vacibdir. Bu baxımdan, insan kapitalına investisiya iqtisadi inkişafın uzunmüddətli nəticələrini müəyyən edən amildir. Müasir texnologiyaların əldə edilməsi mühüm olsa da, onların səmərəli tətbiqi peşəkar bilik, təcrübə və düzgün idarəçilik tələb edir. Azərbaycanın enerji sektorunda formalaşmış təcrübəsinin digər sahələrə ötürülməsi də iqtisadiyyatın şaxələndirilməsi prosesinə töhfə verə bilər. Qarşıdakı illərdə bərpaolunan enerji mənbələrinin inkişaf etdirilməsi elektrik istehsalında təbii qazdan istifadənin optimallaşdırılmasına və əldə olunan qaz resurslarının daha böyük hissəsinin ixraca yönəldilməsinə imkan yarada bilər. Beləliklə, enerji keçidi yalnız ekoloji məqsədlərlə deyil, həm də iqtisadi səmərəlilik və yeni ixrac imkanları baxımından mühüm əhəmiyyət daşıyır. Sadalanan faktlar baxımından Beynəlxalq investisiya forumları ölkənin iqtisadi potensialının təqdim edilməsi, investorlarla birbaşa dialoqun genişləndirilməsi və yeni əməkdaşlıq imkanlarının müzakirəsi baxımından əhəmiyyətli hesab edilir.

Alim Hüseynli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31