Cənubi Qafqazın enerji inteqrasiyası: Azərbaycan üçün böyük iqtisadi imkanlar – ÖZƏL

Cənubi Qafqaz ölkələrinin enerji sistemlərinin bir-birinə inteqrasiyası məncə, region üçün çox ciddi iqtisadi imkan yaradır. Tbilisidə Azərbaycan, Ermənistan və Gürcüstanın enerji tənzimləyicilərinin iştirakı ilə bu məsələ ilə yanaşı, regionun Türkiyənin enerji sisteminə qoşulması da müzakirə olunub. Burada məsələ sadəcə elektrik enerjisinin bir ölkədən digərinə ötürülməsi deyil. Əsas məsələ Cənubi Qafqazda regional elektrik bazarının formalaşdırılmasıdır".

Bu fikirləri Olaylar.az-a açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib. İqtisadçı bildirib ki, Azərbaycan üçün bunun ən böyük iqtisadi üstünlüyü elektrik enerjisinin ixrac imkanlarının genişlənməsidir. Biz artıq Gürcüstanla elektrik enerjisinin təchizatı və Gürcüstan ərazisindən Türkiyəyə elektrik enerjisinin tranziti ilə bağlı saziş imzalamışıq. Bu o deməkdir ki, Azərbaycan təkcə elektrik istehsal edən ölkə deyil, eyni zamanda elektrik enerjisinin regional tranzit mərkəzinə çevrilmək imkanına malikdir. Xüsusilə bərpaolunan enerji baxımından bu, çox vacibdir. Azərbaycanda günəş və külək enerjisi layihələri artdıqca əsas məsələ yalnız elektrik istehsal etmək olmayacaq. Əsas məsələ həmin enerjiyə bazar tapmaq olacaq. Türkiyə şəbəkəsinə çıxış bu baxımdan Azərbaycan üçün daha böyük bazar yaradır. Hazırda Azərbaycan və Türkiyə arasında Naxçıvan-Türkiyə enerji interkonnektoru və Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan yaşıl enerji dəhlizi üzrə layihələr müzakirə olunur. Naxçıvan-Türkiyə xətti üzrə ilkin mərhələdə 1 QVt elektrik ötürülməsi perspektivi də nəzərdən keçirilir.Azərbaycan-Ermənistan enerji bağlantısının da iqtisadi əhəmiyyəti böyükdür. Əgər iki ölkənin enerji sistemləri bir-birinə bağlanarsa, enerji sahəsində qarşılıqlı asılılıq yaranacaq. Bu isə enerji təhlükəsizliyini artırmaqla yanaşı, regionda daha geniş elektrik bazarının formalaşmasına imkan verə bilər.

Ekspert qeyd edib ki, burada bir məqamı xüsusi vurğulamaq lazımdır: enerji inteqrasiyası yalnız elektrik xətlərinin çəkilməsi demək deyil. Ortada vahid bazar qaydaları, tarif mexanizmləri, enerji mübadiləsi, rəqəmsal idarəetmə, balanslaşdırma və investisiya mühiti olmalıdır.Azərbaycan üçün əsas iqtisadi hədəf də məhz bundan ibarət olmalıdır. Biz yalnız elektrik satmamalıyıq. Elektrik istehsalı, ötürülməsi, tranziti, enerji saxlanc sistemləri, rəqəmsal enerji xidmətləri və yaşıl enerji sertifikatları üzrə bütöv iqtisadi zəncir formalaşdırmalıyıq. Əgər bu model qurularsa, Azərbaycan üçün enerji ixracından əlavə tranzit gəlirləri, yeni investisiyalar, yeni enerji layihələri və qeyri-neft sektorunda əlavə iqtisadi fəaliyyət yaranacaq. Mən hesab edirəm ki, Cənubi Qafqazın enerji inteqrasiyasının ən böyük iqtisadi nəticəsi budur: Azərbaycan öz enerji resurslarını yalnız daxili bazarın deyil, regional bazarın və daha geniş şəkildə Türkiyə və Avropa enerji bazarlarının bir hissəsinə çevirə bilər.Yəni söhbət sadəcə elektrik xəttindən getmir. Söhbət Azərbaycanın enerji istehsalçısından regional enerji qovşağına çevrilməsi imkanından gedir.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31