Dağ-mədən sənayesinin inkişafı qeyri-neft sektorunun inkişafı üçün mühüm imkanlar yaradır- ÖZƏL

"Azərbaycan iqtisadiyyatının qarşısında dayanan əsas vəzifələrdən biri qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək, ölkənin zəngin təbii və iqtisadi potensialından səmərəli istifadə etməklə yeni istehsal sahələri yaratmaqdır. Son illərdə həyata keçirilən ardıcıl iqtisadi siyasət nəticəsində ölkəmizdə qeyri-neft sektorunun inkişafı, sənayeləşmə prosesinin sürətləndirilməsi, regionların sosial-iqtisadi inkişafının təmin olunması və müasir infrastrukturun formalaşdırılması istiqamətində mühüm nəticələr əldə edilib". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Anar İsgəndərov deyib: "Bu baxımdan dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramının hazırlanması Azərbaycanın iqtisadi inkişaf strategiyasında mühüm mərhələ kimi qiymətləndirilə bilər. Prezident İlham Əliyevin proqramın müzakirəsinə həsr olunmuş müşavirədə səsləndirdiyi fikirlər bu sahənin qarşıdakı illərdə ölkə iqtisadiyyatının mühüm istiqamətlərindən birinə çevriləcəyini göstərir.
      Dövlət başçısının qeyd etdiyi kimi, dağ-mədən və metallurgiya sənayesinin inkişafı ölkəmizdə yeni, müasir sənaye istiqamətinin yaradılmasına imkan verəcək. 2027-2030-cu illəri əhatə edən Dövlət Proqramının əsas məqsədlərindən biri təbii resursların daha səmərəli şəkildə işlənməsi və onların iqtisadi dövriyyəyə cəlb edilməsidir. Proqram çərçivəsində beş mindən çox yeni daimi iş yerinin yaradılmasının nəzərdə tutulması da bu sahənin yalnız sənaye baxımından deyil, sosial-iqtisadi baxımdan da əhəmiyyətini ortaya qoyur.
      Azərbaycanın iqtisadi inkişaf modelində qeyri-neft sektorunun genişləndirilməsi prioritet istiqamətlərdən biridir. Ölkə iqtisadiyyatının uzunmüddətli və dayanıqlı inkişafının təmin edilməsi üçün neft və qaz gəlirlərindən əldə olunan imkanların digər istehsal və xidmət sahələrinin inkişafına yönəldilməsi mühüm əhəmiyyət daşıyır.
     Prezident İlham Əliyevin çıxışında da qeyri-neft sektorunun inkişafının xüsusi əhəmiyyət daşıdığı vurğulanır. Bildirilir ki, qəbul edilən dövlət proqramları iqtisadi artımın daha da sürətləndirilməsinə və əldə olunan nəticələrin davamlı xarakter almasına xidmət edir. Qeyri-neft sektorunun artım göstəricilərinin də bu baxımdan xüsusi əhəmiyyət daşıdığı qeyd edilir.
      Dağ-mədən və metallurgiya sənayesinin inkişafı isə qeyri-neft sektorunun şaxələndirilməsi üçün mühüm imkanlar yaradır. Çünki bu sahə yalnız filiz hasilatı ilə məhdudlaşmır. Burada geoloji kəşfiyyatdan hasilata, zənginləşdirmədən emala, hazır məhsul istehsalından ixraca qədər bütöv istehsal zəncirinin yaradılması nəzərdə tutulur.
      Məhz bu yanaşma təbii sərvətlərin sadəcə xammal kimi ixrac edilməsinin qarşısını almaqla yanaşı, həmin resursların ölkə daxilində daha yüksək əlavə dəyər yaratmasına imkan verə bilər. Prezident İlham Əliyev də xüsusilə vurğulayıb ki, əhəmiyyətli yeni yataqlar aşkar edilərsə, onların yalnız filiz şəklində dünya bazarlarına çıxarılması düzgün yanaşma olmaz; zənginləşdirmə və emal zənciri də yaradılmalıdır.
     Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra qarşıda duran əsas məsələlərdən biri işğaldan azad edilmiş ərazilərin genişmiqyaslı bərpası ilə yanaşı, həmin ərazilərin iqtisadi potensialının da ölkənin inkişafına yönəldilməsidir.
      Uzun illər işğal altında qalmış ərazilərdə təbii sərvətlərin vəziyyətinin qiymətləndirilməsi və müasir geoloji kəşfiyyat işlərinin aparılması bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin çıxışında qeyd edilir ki, işğal dövründə bir sıra təbii sərvətlərdən qanunsuz istifadə edilib, meşə fonduna və ətraf mühitə ciddi ziyan vurulub. Kəlbəcər, Laçın və Zəngilan rayonlarında 60 min hektar meşə fondunun məhv edilməsi də həmin dövrün nəticələrindən biri kimi qeyd olunur.
     Bu gün isə yanaşma tamamilə fərqlidir. Qarabağ və Şərqi Zəngəzurun bərpası prosesində iqtisadi inkişaf, məşğulluğun artırılması, sənaye potensialının formalaşdırılması və ekoloji təhlükəsizliyin təmin edilməsi paralel şəkildə həyata keçirilir.
      Xüsusilə Kəlbəcər, Ağdərə və Zəngilan rayonlarında yerləşən qızıl, mis və molibden yataqlarının istismara hazırlanması mühüm istiqamətlərdən biridir. Ağdərədə artıq işlərə başlanılması, Kəlbəcər və Zəngilanda isə müvafiq layihələrin həyata keçirilməsinin nəzərdə tutulması bu ərazilərin gələcək sənaye xəritəsində mühüm yer tutacağını göstərir.
      Eyni zamanda, mövcud yataqların ehtiyatlarının müasir texnologiyalar əsasında yenidən qiymətləndirilməsi nəzərdə tutulur. Bu, olduqca vacib məsələdir. Çünki əvvəlki geoloji məlumatların böyük hissəsi sovet dövründə aparılmış tədqiqatlara əsaslanır. Müasir geoloji kəşfiyyat texnologiyalarının tətbiqi isə yataqların real potensialının daha dəqiq müəyyənləşdirilməsinə imkan verə bilər.
    Naxçıvanın geoloji potensialına yeni baxış
     Dağ-mədən sənayesinin inkişafında diqqət çəkən istiqamətlərdən biri də Naxçıvan Muxtar Respublikasının təbii resurs potensialının araşdırılmasıdır.
     Prezident İlham Əliyevin çıxışında Naxçıvanda əvvəlki dövrlərdə geoloji kəşfiyyat işlərinin lazımi səviyyədə aparılmadığı və regionda yeni yataqların mövcudluğunun araşdırılmasının vacibliyi vurğulanır. Bu məqsədlə müasir geoloji kəşfiyyat işlərinin başlanması nəzərdə tutulur.
      Bu yanaşma Azərbaycanın təbii sərvətlərinin vahid sistem çərçivəsində öyrənilməsinə və iqtisadi dövriyyəyə cəlb edilməsinə xidmət edir. Geoloji kəşfiyyatın genişləndirilməsi gələcəkdə yeni yataqların aşkar edilməsinə, yeni istehsal müəssisələrinin yaradılmasına və regionlarda məşğulluq imkanlarının artmasına şərait yarada bilər.
      Dağ-mədən və metallurgiya sənayesi yüksək investisiya tələb edən sahələrdəndir. Buna görə də onun inkişafında dövlət investisiyaları ilə yanaşı, özəl və xarici investisiyaların cəlb olunması da mühüm əhəmiyyət kəsb edir.
      Dövlət başçısının çıxışında sahənin inkişafının iki istiqamətdə - dövlət xətti və özəl sektorun iştirakı ilə həyata keçiriləcəyi bildirilir. Dövlət xətti üzrə "AzerGold" şirkətinin fəaliyyəti nəzərdə tutulur. Bununla yanaşı, mövcud kontraktların icrası, xarici tərəfdaşların geoloji kəşfiyyat işlərinə cəlb edilməsi və uğurlu nəticələr əldə olunacağı təqdirdə investorların iştirakının təmin edilməsi də diqqət mərkəzindədir.
     Beləliklə, formalaşdırılan model dövlətin strateji nəzarəti ilə özəl sektorun maliyyə və texnoloji imkanlarının bir araya gətirilməsinə əsaslanır.
      Azərbaycanın dağ-mədən sənayesinin inkişaf perspektivlərindən danışarkən Balakən rayonunda yerləşən "Filizçay" polimetal yatağını xüsusi qeyd etmək lazımdır.
      Prezident İlham Əliyev "Filizçay" yatağını Avropa qitəsində ən perspektivli yataqlardan biri kimi xarakterizə edib. Hazırda yatağın istismara hazırlanması istiqamətində işlər aparılır və texniki-iqtisadi əsaslandırmanın hazırlanması, daha sonra investisiya qərarının qəbul edilməsi nəzərdə tutulur.
     "Filizçay" kimi böyük yataqların istismara cəlb olunması yalnız hasilat həcmlərinin artırılması demək deyil. Bu layihələrin ətrafında emal, nəqliyyat, xidmət, logistika və digər əlaqəli sahələrin inkişafı üçün də yeni imkanlar yarana bilər.
      Dağ-mədən sənayesinin inkişafında sənaye parklarının xüsusi rolu vardır. Azərbaycanda artıq müxtəlif regionlarda sənaye parklarının yaradılması nəticəsində yeni istehsal müəssisələri fəaliyyət göstərir, əlavə dəyər formalaşır və ixrac imkanları genişlənir.
     Bu baxımdan Qərb Sənaye Parkının yaradılması xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısının çıxışında qeyd olunduğu kimi, parkın yaradılmasının əsas məqsədlərindən biri dağ-mədən sənayesinin inkişafıdır. "Daşkəsən" filiz yatağının istismarı və ətraf ərazilərdə digər layihələrin həyata keçirilməsi burada müasir sənaye infrastrukturunun yaradılmasını zəruri edir.
      Qərb Sənaye Parkında əsas hədəf filizin hasilatından son məhsula qədər tam istehsal zəncirinin yaradılmasıdır. Bunun üçün zənginləşdirmə müəssisələri, pelet və briketlənmiş dəmir istehsalı zavodlarının yaradılması nəzərdə tutulur.
    Dağ-mədən sənayesinin inkişafı ilə bağlı ən mühüm məsələlərdən biri iqtisadi maraqlarla ekoloji təhlükəsizlik arasında düzgün tarazlığın yaradılmasıdır.
     Təbii resursların iqtisadi dövriyyəyə cəlb olunması ətraf mühitin qorunması tələblərini arxa plana keçirməməlidir. Əksinə, müasir sənaye layihələri yüksək ekoloji standartlara uyğun həyata keçirilməlidir.
    Dövlət Proqramının digər mühüm istiqaməti metallurgiya sənayesinin inkişafıdır. Burada məqsəd yalnız xammal hasil etmək deyil, onun emalını ölkə daxilində həyata keçirməklə daha yüksək əlavə dəyərə malik məhsullar istehsal etməkdir.
    Bu istiqamətdə alüminium istehsalının genişləndirilməsi nəzərdə tutulur. Dövlət başçısının çıxışında alüminium istehsalının 2030-cu ilin sonuna qədər 100 min tona çatdırılması məqsədi açıqlanıb. Bunun üçün bir neçə zavodun yaradılması nəzərdə tutulur.
    Dövlət Proqramı çərçivəsində beş mindən çox yeni daimi iş yerinin yaradılması nəzərdə tutulur. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda sənaye müəssisələrinin yaradılması həmin ərazilərdə məşğulluğun artmasına və iqtisadi fəallığın genişlənməsinə xidmət edəcək.
    Dağ-mədən sənayesinin inkişafı üçün enerji, nəqliyyat və digər infrastruktur imkanlarının mövcudluğu mühüm amildir. Son illərdə Azərbaycanda həyata keçirilən infrastruktur layihələri iqtisadiyyatın müxtəlif sahələrinin inkişafı üçün əlverişli şərait formalaşdırıb.
     Kəlbəcər, Ağdərə, Zəngilan, Daşkəsən, Balakən və Naxçıvan kimi müxtəlif regionların bu prosesə cəlb olunması Azərbaycanın dağ-mədən potensialının geniş coğrafiyada araşdırılmasını və iqtisadi dövriyyəyə daxil edilməsini nəzərdə tutur.
Beləliklə, dağ-mədən və metallurgiya sənayesinin inkişafı yalnız yeni yataqların istismara verilməsi və zavodların tikilməsi ilə məhdudlaşmır. Bu proses Azərbaycanın xammal potensialının müasir sənaye imkanları ilə birləşdirilməsini, hasilatdan emala və hazır məhsula qədər tam istehsal zəncirinin qurulmasını nəzərdə tutur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31