“Azeri Light”ın 120 dollara çatması: Büdcə və manat üçün nə dəyişir?- ÖZƏL
16:39 İqtisadiyyat" "Azeri Light"ın qiymətinin 120 dolları keçməsi Azərbaycan üçün, ilk növbədə, neft gəlirlərinin artması baxımından ciddi üstünlükdür. Burada söhbət bir günlük qiymət sıçrayışından deyil, qiymətin uzun müddət yüksək qalmasından gedir. Əgər "Azeri Light" 120 dollar ətrafında bir neçə ay, hətta daha uzun müddət qalsa, bu, dövlət büdcəsinin və Dövlət Neft Fondunun gəlirlərinə nəzərəçarpacaq əlavə vəsait yarada bilər".
Bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli Olaylar.az-a açıqlamasında söyləyib:
"Lakin bu gəliri avtomatik olaraq bütünlüklə əlavə qazanc kimi qiymətləndirmək olmaz. Azərbaycanın neft hasilatı əvvəlki illərlə müqayisədə azalır. Yəni qiymət 120 dollara qalxsa belə, satılan neftin həcmi aşağı düşür. Ona görə yüksək qiymətin hasilatdakı azalmanı kompensasiya edib-etməyəcəyi əsas məsələdir. Buna baxmayaraq, indiki qiymət səviyyəsi Azərbaycanın ixrac gəlirlərini əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq və neft sektorundan daxilolmaları artırmaq potensialına malikdir.
Dövlət Neft Fondu baxımından yüksək qiymətin ən mühüm nəticəsi fondun valyuta gəlirlərinin artmasıdır. Bu, həm Fondun aktivlərinin qorunmasına, həm də dövlət büdcəsinə transferlərin maliyyələşdirilməsinə əlavə imkan yaradır. Eyni zamanda ölkənin ümumi valyuta ehtiyatlarının artması Azərbaycanın xarici şoklara qarşı maliyyə dayanıqlığını gücləndirir. Yəni neftin 120 dollar səviyyəsində qalması təkcə cari büdcə gəlirlərini deyil, ölkənin maliyyə təhlükəsizlik yastığını da möhkəmləndirə bilər.
Manat üçün də yüksək neft qiyməti müsbət amildir. Neft ixracından ölkəyə daha çox dollar daxil olduqca valyuta bazarında təklif artır və manatın məzənnəsinə təzyiq azalır. Bu, xüsusilə idxaldan yüksək asılı olan Azərbaycan iqtisadiyyatı üçün vacibdir. Manatın sabit qalması idxal qiymətlərinin kəskin bahalaşmasının qarşısını almağa və inflyasiya təzyiqlərini müəyyən qədər zəiflətməyə kömək edə bilər.
Lakin burada da bir məqamı nəzərə almaq lazımdır: yüksək neft qiyməti manatın möhkəmlənməsi üçün imkan yaratsa da, bu, mütləq manatın bahalaşacağı anlamına gəlmir. Azərbaycan uzun müddətdir məzənnə sabitliyini prioritet tutur. Neft gəlirlərinin bir hissəsinin Dövlət Neft Fondunda toplanması və büdcə xərcləri vasitəsilə iqtisadiyyata mərhələli daxil olması məzənnəyə təsirin idarə olunmasına imkan verir.
İqtisadiyyat üçün digər müsbət nəticə dövlət xərclərinin və investisiyaların maliyyələşdirilməsi imkanlarının genişlənməsidir. Daha yüksək neft gəlirləri infrastruktur, sosial layihələr, işğaldan azad edilmiş ərazilərin bərpası və digər dövlət proqramlarının maliyyələşdirilməsini asanlaşdıra bilər. Həmçinin büdcə kəsirinin və dövlət borclanmasına ehtiyacın azalması üçün əlavə imkan yarana bilər.
Amma neftin 120 dollar ətrafında uzun müddət qalmasının mənfi tərəfləri də var. Əsas risk "neft gəlirlərinin çoxalması ilə iqtisadiyyatın yenidən neftdən asılılığının güclənməsi"dir. Dövlət gəlirləri artdıqca xərclərin sürətlə genişləndirilməsi qeyri-neft sektorunun rəqabət qabiliyyətinə mənfi təsir göstərə, idxalın artmasına və iqtisadiyyatda qiymət təzyiqlərinin güclənməsinə səbəb ola bilər. Neft gəlirlərinin iqtisadiyyata həddindən artıq sürətli ötürülməsi manatın real ifadədə möhkəmlənməsinə və qeyri-neft ixracatçılarının vəziyyətinin çətinləşməsinə də gətirə bilər.
Üstəlik, indiki vəziyyətdə Azərbaycanın əsas problemi neftin qiymətindən daha çox hasilatın azalmasıdır. Qiymət yüksək olduğu müddətdə bu problem arxa plana keçir, amma hasilatdakı uzunmüddətli azalma davam edərsə, gələcəkdə qiymət aşağı düşdükdə Azərbaycan eyni gəlir səviyyəsini saxlaya bilməyəcək.
Ona görə 120 dollarlıq "Azeri Light" Azərbaycan üçün çox əlverişli qiymətdir, amma bunu daimi gəlir mənbəyi kimi deyil, əlverişli bazar şəraiti kimi qiymətləndirmək lazımdır. Ən düzgün strategiya əlavə neft gəlirlərini cari xərcləri kəskin artırmağa deyil, valyuta ehtiyatlarını gücləndirməyə, qeyri-neft sektoruna investisiyalara və gələcəkdə neft hasilatının azalmasının yaratdığı boşluğu kompensasiya edəcək sahələrin inkişafına yönəltməkdir".
Zeynəb Mustafazadə