"Neftin bahalaşması ölkəmizə həm əlavə gəlir, həm də idxal inflyasiyası gətirir" – ÖZƏL

"Hazırda Azərbaycanın neft ixracı ilə bağlı logistik baxımdan heç bir problem yoxdur. Hörmüz boğazında yaranmış gərginlik isə, əlbəttə ki, dünya birjalarında neftin qiymətinin yüksək qalmasına səbəb olur. Burada həm psixoloji faktorlar, həm də hərbi müdaxilələr müəyyən rol oynayır. Xüsusilə son günlər Körfəz ölkələrində yerləşən neftayırma zavodlarında baş verən hərbi müdaxilələr, partlayışlar və yanğınlar dünya bazarında neft tədarükünə müəyyən dərəcədə təsir göstərir".

Bu sözləri Olaylar.az-a açıqlamasında iqtisadçı ekspert Razi Abbasbəyli deyib. İqtisadçı bildirib ki, Hörmüz boğazı ətrafında baş verən gərginliklər dünya ölkələrinin alternativ enerji təminatı mənbələri axtarmasına da gətirib çıxarıb. Meksika neftinin hasilatı ilə bağlı ABŞ ilə əldə edilmiş razılaşmalar dünya bazarlarına okean hövzəsi ölkələrindən daha çox neftin çıxarılmasına səbəb ola bilər. Lakin bu, yaxın perspektiv üçün nəzərdə tutulan proses deyil. Ola bilsin ki, bu, təxminən bir il ərzində neftayırma zavodlarının təmiri və həmin sahəyə investisiyaların qoyulmasından sonra mümkün olsun. Yaxın aylarda isə neftin qiymətinin yüksək qalacağı gözlənilir. Azərbaycanın alternativ marşrutlardan istifadə etməsinə ehtiyac yoxdur. Çünki Hörmüz boğazı və onun ətrafında baş verən hadisələr Azərbaycanın neft ixracı marşrutları ilə bağlı heç bir narahatlıq yaratmır. Xüsusilə Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə neftin dünya bazarlarına çıxarılmasında heç bir problem yoxdur. Eyni zamanda TANAP və TAP layihələri istiqamətində enerji resurslarının daşınması da normal şəkildə davam edir. Bu baxımdan hesab edirəm ki, neftin qiymətinin hələ uzun müddət yüksək qalacağı proqnozlaşdırılır və nəticə etibarilə bu, Azərbaycanın gəlirlərinə müsbət təsir göstərə bilər. Artıq Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları, eyni zamanda Dövlət Neft Fondunun gəlirləri də proqnozlaşdırılan göstəricilərdən yüksəkdir. Neftin qiymətinin 60 dollar üzərində olduğu hər bir əlavə dollar Azərbaycanın gəlirlərinin artmasına səbəb olur.

Ekspert qeyd edib ki, 2026-cı il üçün neftin qiyməti ilə bağlı baza proqnozu 60 dollar səviyyəsində nəzərdə tutulub. Hazırda isə neftin qiyməti 90-100 dollar civarında dəyişir. Ona görə də Azərbaycanın gəlirlərinin artacağı gözlənilir və ölkənin neft ixracı ilə bağlı hər hansı ciddi təhdiddən söhbət gedə bilməz. Azərbaycan ümumiyyətlə Hörmüz boğazı istiqamətində heç bir neft ixracı həyata keçirmir və bu marşrutdan logistik baxımdan asılı deyil. Bu mənada mövcud vəziyyət müəyyən qədər Azərbaycanın xeyrinədir. Lakin regionda baş verən hadisələr, əlbəttə ki, arzuolunan deyil və vəziyyətin digər mənfi tərəfləri də mövcuddur. İran Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri və qonşu ölkədir. İranda baş verən gərginlik neftin qiymətlərinin bahalaşmasına səbəb olsa da, paralel olaraq digər məhsulların, xüsusilə strateji ərzaq məhsullarının təchizatı ilə bağlı xərcləri də artırır. Logistik xərclər yüksəlir və nəticədə dünya bazarında digər təminat xərcləri də bahalaşır. Ərzaq bazarında da bahalaşma gözlənilir. Xüsusilə qış aylarında iqlim dəyişiklikləri və tədarük göstəricilərinin ildən-ilə azalması artıq həm dövlətlər, həm də bütövlükdə planet üçün ciddi təhdidə çevrilir. Azərbaycan əsasən neft və qaz ixrac etsə də, yüngül və ağır sənaye məhsulları, ərzaq və qida təminatı ilə bağlı böyük həcmdə idxaldan asılı ölkədir. Bu baxımdan neftin bahalaşması özü ilə paralel olaraq Azərbaycanda, xüsusilə də manat üzərində müəyyən təzyiq yarada bilər. Çünki idxal olunan məhsulların qiymətləri kəskin və sürətli şəkildə artır. Bu artımlar, əlbəttə ki, Azərbaycanda əhalinin gəlirlərinə ciddi təsir göstərir, insanların həyat şəraitinin çətinləşməsinə səbəb olur. Bu isə arzuolunan hal deyil. Əgər biz neftin bahalaşmasından əlavə gəlir əldə ediriksə, paralel olaraq idxal etdiyimiz məhsullar üçün də daha çox vəsait xərcləmək məcburiyyətində qalırıq.

"Buraya investisiya qoyuluşlarını da əlavə etmək lazımdır. Azərbaycanın qarşısında çox ciddi hədəflər var. Qarabağ və Şərqi Zəngəzurda təmir-bərpa və yenidənqurma işləri həyata keçirilir və bunun üçün milyardlarla manat vəsait xərclənir. Mövcud xərclərin olduğu bir şəraitdə qiymətlərin bahalaşması sənaye, ərzaq, qida, dərman təminatı və digər sahələr üzrə xərclərin də artmasına səbəb olur. Neftin bahalaşması hesabına əldə etdiyimiz əlavə gəlirlər paralel olaraq digər xərclərimizin artması ilə müəyyən qədər kompensasiya olunur. Yəni neftdən daha çox gəlir əldə etməyimiz digər istiqamətlər üzrə xərclərimizin artması ilə müşayiət edilir. Bu səbəbdən mövcud vəziyyət tam şəkildə Azərbaycanın ziyanına olmasa da, onu birmənalı şəkildə ölkəmizin xeyrinə olan vəziyyət kimi də qiymətləndirmək düzgün olmaz", - deyə iqtisadçı əlavə edib.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31