6 aya “Azəriqaz”a 6879 müraciət daxil olub
Müraciətlərin 59 faizi qaz sayğaclarının koda düşməsi ilə bağlıdır
16 İyul 2012 20:22 İqtisadiyyatBu ilin birinci yarısında "Azəriqaz" İstehsalat Birliyinin 185 nömrəli "qaynar xətt"inə 6879 müraciət daxil olub. Azərbaycan Dövlət Neft Şirkətinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, müraciətlərin əksəriyyəti Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, 111-i isə regionlarda yaşayan vətəndaşlar tərəfindən edilib. Ümumilikdə "qaynar xətt"ə Bakı şəhəri, Abşeron və Sumqayıt üzrə 6768 müraciət daxil olub ki, onlardan da 3960-ı və ya təqribən 59 faizi qaz sayğaclarının koda düşməsi ilə bağlı olub. Təbii qazdan istifadəyə görə yaranmış borcun araşdırılması ilə bağlı 840, qazın təzyiqi ilə əlaqədar 172, qaz xətlərində nasazlıqlarla bağlı isə 227 zəng qəbul edilib. 75 müraciət kartın sayğaca yüklənməsi, 16 müraciət layihə sənədlərinin hazırlanması mövzusunda olub. Müraciətlərin 1500-ə yaxını müxtəlif xarakterli digər məsələləri əhatə edib. Demək olar ki, regionlar üzrə edilmiş müraciətlər xaraktercə Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhəri üzrə eyni olub. Bu ilin birinci yarısında ən çox müraciət havaların qarlı-şaxtalı keçdiyi fevral ayına təsadüf edib (1671 müraciət).
"Azəriqaz" İB-nin "qaynar xətt"inə edilən bütün müraciətlər qeydə alınaraq, Birliyin müvafiq struktur bölmələri tərəfindən araşdırılmış və problemlər öz həllini tapıb.