Azərbaycan post-resurs dövrünə daxil olmaqdadır- ÖZƏL
10:09 İqtisadiyyat"Qlobal dünyamızda və regionda hadisələrin və prioritetlərin kəskin dəyişdiyi bir vaxtda ölkəmiz post-resurs dövrünə daxil olmaqdadır. Mübaliğəsiz demək olar ki, ölkəmiz qarşısında yaranmış şansları 1990-cı illərdə neft müqavilələrinin imzalanması və Baku-Tbilisi-Ceyhan (BTC) boru xəttinin tikintisi həyata keçirilən illərlə müqayisə edə bilərik. Bu dəfə isə söhbət neft boru xətti əvəzinə lojistik xətlərdən və Orta Dəhlizdən gedir. Lakin, BTC boru xətti ilə Orta Dəhliz arasında çox önəmli fərq var". "Olaylar" xəbər verir ki, bunu iqtisadçı ekspert Elman Sadıqov deyib: "BTC xətti ilə dünya bazarına göndərdiyimiz neftdən birbaşa dividend və gəlirlər əldə edirdiksə, Orta Dəhliz marşrutlarından birbaşa müəyyən dərəcədə, açıq desək tranzit rüsumlarından nefti əvəz etməyəcək səviyyədə birbaşa dividendlər əldə edə biləcəyiksə, həmin Koridorun gətirdiyi şans və imkanlarla dolayı yolla daha çox dividend və gəlirlər əldə etmək ehtimalı var. Bu ehtimalı gerçəkliyə çevirən Özbəkistan, hazırda Özbəkistanın ardınca iqtisadi inkişaf yolunda irəliləyən Qırğızıstan, o cümlədən neft və qaz ölkəsi olan Qazaxıstan, Azərbaycanın hesabına Orta Dəhlizin tərkib hissəsinə çevrilən Ermənistan və mənbəyi Azərbaycandan götürülmüş tranzit xətləri hesabına Gürcüstan (BTC daxil olmaqla digər tranzit xətt və dəhlizlərdən məharətlə istifadə edən Gürcüstan 2004-2010-cu illərdə dayanıqlı iqtisadi böyümə və inkişafına nail oldu) öz iqtisadiyyatlarını sürətlə böyüdürlər. Yeri gəlmişkən, indiyə qədər diqqətdən kənarda qalmış bu amilləri diqqətlə dərin təhlil etməliyik.
Bu səbəbdən həmişə qeyd etdiyim məsələ, tranzit xətlərin bizə birbaşa deyil, dolayı yolla yaratdığı və yaradacığı imkanları qiymətləndirməliyik. Azərbaycan-Özbəkistan iqtisadi əlaqələri, səslənən fikir və bəyanatlar, iqtisadi inkişaf edən ölkəyə investisiya qoyuluşu vasitəsilə həmin böyümədə pay və dividend sahibi olmaq şübhəsiz ki, təqdirəlayiqdir. Burada önəmli məsələlərdən biri qarşılıqlı investisiyalar və dividendlərdən maksimum səmərəli istifadədir".