Almaniyanın qaz axtarışı: Azərbaycan Avropanın enerji xəritəsində rolunu artırır – ÖZƏL
13:49 İqtisadiyyat"Almaniya ilə Azərbaycan arasında artıq 2026-cı ilin yanvarından etibarən iqtisadi münasibətlərdə yeni mərhələ başlayıb. Düzdür, ümumilikdə son beş ildə iki ölkə arasında ticarət dövriyyəsi 68 faiz artıb. Baxmayaraq ki, 2024-cü illə müqayisədə 2025-ci ildə müəyyən azalma müşahidə olunmuşdu, ümumi beşillik artım dinamikası qorunub saxlanılır".
Bu fikirləri Olaylar.az-a açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib. İqtisadçının fikrincə, 2026-cı ildən etibarən Almaniyaya 1,5 milyard kubmetr, 2027-ci ildə isə təxminən 2 milyard kubmetr qaz ixracı ticarət dövriyyəsinin daha da artmasına səbəb olacaq. Lakin Azərbaycanın təxminən 40 milyard dollar investisiya hesabına reallaşdırdığı Cənub Qaz Dəhlizinin ixrac potensialı sonsuz deyil. Azərbaycan Almaniyanın xüsusilə cənub bölgələrinin qaz təchizatında müəyyən rol oynayacaq. Enerji böhranından əvvəl, yəni 2020-2021-ci illərə qədər Almaniyanın illik təbii qaza tələbatı təxminən 90 milyard kubmetr idi. Hazırda isə bu göstərici 75-80 milyard kubmetr səviyyəsinə enib. Bu tələbatın cəmi 6 faizini Almaniya daxili istehsal hesabına qarşılayır, qalan təxminən 74 milyard kubmetr isə idxal olunur. Azərbaycanın isə ümumi qaz ixracı hazırda təxminən 25 milyard kubmetr təşkil edir. Hətta nəzəri baxımdan Azərbaycan ixrac etdiyi bütün qazı yalnız Almaniyaya yönəltsə belə, bunu həyata keçirmək mümkün deyil. Birincisi, buna imkan verən infrastruktur mövcud deyil. Mövcud infrastruktur çərçivəsində Almaniyaya təxminən 2-3 milyard kubmetr qaz nəql etmək mümkündür. Yəni Azərbaycanın ixrac etdiyi 25 milyard kubmetrin hamısını Almaniyaya yönəltməsi real deyil.
Azərbaycan yaxın gələcəkdə Avropa bazarında Rusiya qazını əvəz edə bilər?
Ümumiyyətlə, dünyanın bir çox ölkələrinin, xüsusilə də Şərqi Avropa dövlətlərinin Azərbaycana münasibətində 2022-ci ildən sonra ciddi dəyişikliklər baş verib. Çünki Rusiya-Ukrayna münaqişəsinin başlamasından sonra Rusiyadan enerji asılılığının yaratdığı risklər və yaranmış enerji böhranı Avropa ölkələrini alternativ qaz mənbələri axtarmağa məcbur etdi. Bu gün Almaniya da təbii qaz idxalından yüksək dərəcədə asılı olan ölkələrdən biridir. Məhz buna görə də Azərbaycanla enerji sahəsində əməkdaşlığın genişləndirilməsində və münasibətlərin daha yüksək səviyyəyə qaldırılmasında maraqlıdır.
Səidə Ramazanova