Özbəkistan investisiyalar üzrə zəif nəticələrə görə Belarusdakı səfirini istefaya göndərib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkənin Belarusdakı səfiri Rəhmətulla Nazarovu vəzifəsindən azad edib. Buna səbəb kimi xarici investisiyaların cəlb edilməsi və xarici ticarətin inkişafı sahəsində qeyri-qənaətbəxş fəaliyyət göstərilib. Prezident, həmçinin ölkənin iqtisadi diplomatiyasının səmərəliliyinin daha geniş qiymətləndirilməsini tapşırıb.

Bu barədə Özbəkistan Prezidentinin mətbuat katibinin rəsmi "Telegram" kanalında yayılan məlumatda bildirilib. Müvafiq bəyanat dövlət başçısının sədrliyi ilə keçirilən videoselektor müşavirəsində səsləndirilib.

Prezident Administrasiyasının məlumatına görə, 2024-cü ildən Özbəkistanın Belarusdakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsini tutan Rəhmətulla Nazarov səfirliyin investisiyaların cəlb olunması və xarici ticarətin genişləndirilməsi istiqamətində qeyri-qənaətbəxş nəticələr göstərməsi səbəbindən vəzifəsindən azad edilib.

"Dövlət başçısı xaricdəki diplomatik nümayəndəliklərin fəaliyyətindən də ciddi narazılığını ifadə edib", deyə məlumatda bildirilir.

Şavkat Mirziyoyev Prezident Administrasiyasının rəhbəri Səidə Mirziyoyevaya Özbəkistanın xaricdəki diplomatik nümayəndəliklərinin fəaliyyətinin səmərəliliyini qiymətləndirəcək və daha gənc diplomatların təyin edilməsi də daxil olmaqla kadr dəyişiklikləri ilə bağlı təkliflər hazırlayacaq xüsusi komissiyaya rəhbərlik etməyi tapşırıb.

Prezident, həmçinin Özbəkistanın Fransa, Avstriya, İspaniya, İtaliya, Oman, İndoneziya, Malayziya və Sinqapurdakı səfirlərinin fəaliyyətini tənqid edərək bildirib ki, onların iqtisadi əməkdaşlığın inkişafı istiqamətində gördükləri işlər gözləntiləri doğrultmayıb.

Bundan əlavə, Şavkat Mirziyoyev beynəlxalq investisiya layihələrinin icrasına nəzarətin gücləndirilməsini tapşırıb. Müşavirədə səsləndirilən məlumata əsasən, Özbəkistan yüksək səviyyədə həyata keçirilmiş 52 xarici səfər çərçivəsində ümumi dəyəri 213 milyard ABŞ dolları olan 1 600-dən çox investisiya layihəsinin reallaşdırılması barədə razılıq əldə edib. Lakin onların bir çoxunun icrası ləngiyir.

Müvafiq "yol xəritələri"nin icrasına nəzarət Hesablama Palatasına və Xarici İşlər Nazirliyinə həvalə olunub.

Prezident, həmçinin Baş nazirə tərəfdaş ölkələrin hər biri üzrə investisiya layihələrinin icrası ilə bağlı sahə nazirlərinin, region hakimlərinin və səfirlərin iştirakı ilə hər həftə müşavirələr keçirməyi tapşırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31