Sahibkarlığın inkişafı ölkənin iqtisadi dayanıqlığına mühüm töhfə verir

İstiqamət: Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

Azərbaycan müstəqillik əldə etdikdən, yeni mülkiyyət növləri formalaşdıqdan  sonra  sahibkarlıq fəaliyyətinin davamlı inkişafı dövlətin iqtisadi siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Konkret olaraq dövlət-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi istiqamətində ciddi addımlar atılıb. Eləcə də sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələrin və süni maneələrin aradan qaldırılması, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin formalaşdırılması, maarifləndirmə və müxtəlif növ xidmətlərin göstərilməsi sahələrini əhatə edən kompleks tədbirlər həyata keçirilib. 

Məhz həyata keçirilən uğurli iqtisadi siyasət nəticəsində Azərbaycanda sahibkarlar təbəqəsi formalaşıb, iqtisadiyyatın inkişafında özəl sektorun rolu əhəmiyyətli dərəcədə artıb. Özəl sektorun ölkə iqtisadiyyatında rolu nəzərə alınaraq qanunvericilik qaydaları liberallaşdırılıb, maliyyə-kredit təminatı yaxşılaşdılıb, sahibkarların vergi yükü azaldılıb. İqtisadi fəaliyyət sahələrində sahibkarlıq üçün münbit şəraitin yaradılması nəticəsində onların fəaliyyətinə qanunsuz müdaxilələrin sayı azalıb, hüquqlarının müdafiəsi sistemi təkmilləşib, iş adamlarının beynəlxalq əlaqələri genişlənib və digər nailiyyətlər əldə edilib.

Azərbaycanda özəl sektorun inkişafı, sahibkarlıq fəaliyyəti üçün münbit şəraitin yaradılması bu gün də dövlətin diqqət mərkəzindədir. Sahibkarlığın inkişafına dövlət dəstəyi iqtisadiyyatın gücləndirilməsi, yeni iş yerlərinin yaradılması və rəqabətqabiliyyətli biznes mühitinin formalaşdırılması məqsədi daşıyır. Dövlət sahibkarlara müxtəlif istiqamətlərdə dəstək göstərir. Bu dəstək güzəştli kreditlər, subsidiyalar, qrantlar və dövlət zəmanətli maliyyələşdirmə proqramlarından ibarətdir. Müəyyən sahələrdə fəaliyyət göstərən sahibkarlar üçün vergi və gömrük güzəştləri tətbiq edilir. Bundan başqa, biznesin qeydiyyatının sadələşdirilməsi, lisenziya və icazələrin elektronlaşdırılması, sahibkarların hüquqlarının qorunması diqqət mərkəzində saxlanılır. Yerli məhsulların xarici bazarlara çıxarılması, sahibkarların beynəlxalq sərgilərdə iştirak imkanlarının artırılması təmin edilir.

Elə bu məqsədlə də Prezident İham Əliyev  bu günlərdə Sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə təminat və faiz subsidiyası mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bir sıra fərmanlarında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb. Fərmana əsasən, indiyə qədər sahibkarlara verilən kreditlər üzrə dövlət zəmanəti və faiz subsidiyasını İpoteka və Kredit Zəmanət Fondu verirdisə, artıq yeni fərmana əsasən bu səlahiyyətlər Azərbaycan Biznesinin İnkişafı Fonduna keçir. Əgər sahibkar kredit götürürsə və faiz dərəcəsi maksimum 13 faizdirsə, onda kredit faizinin yarısını dövlət ödəyəcək. Digər önəmli məsələ ondan ibarətdir ki,  əgər sahibkarın kifayət qədər girovu yoxdursa, dövlət kreditin bir hissəsinə zəmanət verəcək. Həmçinin yeni qaydaya görə, işğaldan azad olunmuş ərazilərdə kreditin 90 faizədək hissəsinə zəmanət verilə bilər. Digər rayonlarda kreditin 50 faizədək hissəsinə zəmanət verilə bilər. Bu da bankların kredit verməsini asanlaşdırır. Amma dövlət zəmanəti verilən kreditlərin ümumi məbləği 5 milyon manatı keçməməlidir. Əlaqəli şirkətlər qrupu üzrə isə maksimum 10 milyon manatdır.

Fərmandan göründüyü kimi dövlətin ali məqsədi ondan ibarətdir ki, regionlarda biznes qurmaq asanlaşsın, sahibkarlar daha ucuz kredit ala bilsin, girov problemi olan sahibkarlar maliyyəyə çıxış əldə etsin, Bakıdan kənarda investisiyalar artsın. Sirr deyil ki, hazırda ölkə üzrə yatırılan investisiyalarda və biznes kreditləri portfelində regionların payı arzu olunan səviyyədən aşağıdır. İqtisadi fəallığın və maliyyə resurslarının əhəmiyyətli hissəsi Bakı və Abşeron ərazisində cəmləşib. Bu baxımdan regionlarda sahibkarlığın maliyyə resurslarına çıxışını genişləndirən, investisiya qoyuluşlarını təşviq edən və biznes aktivliyini artıran hər bir qərar xüsusi əhəmiyyət daşıyır. İqtisadçı ekspertlərin qənaətinə görə, bu Fərman ixracyönümlü məhsul istehsalını artırmaq üçün sahibkarları yeni-yeni investisiya layihələrini həyata keçirməyə stimullaşdıracaq, son nəticədə iqtisadiyyata yatırımları artırmaqla artıma mühüm töhfə verəcək.

Paralel olaraq, davamlı iqtisadi inkişafın təmin edilməsi sahibkarlığın dəstəklənməsi sahəsində yeni vəzifələr müəyyən edilib. Bu vəzifələrin yerinə yetirilməsi biznes mühitində bəzi mövcud problemlərin aradan qaldırılmasını tələb edir. Məhz bu kimi amillər nəzərə alınaraq Vergilər Məcəlləsində dəyişiklik edilərək shibkarlar üçün ƏDV hesabında yeni imkanlar yaradılıb. Belə ki, qanunvericilikdə edilən dəyişikliklə  Azərbaycanda ƏDV-nin depozit hesabından Dövlət Sosial Müdafiə Fonduna (DSMF) vəsait köçürmək imkanı yaradılır. Belə bir dəyişiklik neft-qaz sahəsində fəaliyyəti olmayan özəl sektor təmsilçilərinə ƏDV-nin depozit hesabından DSMF-yə vəsait köçürmək imkanının yaradılması məqsədilə hazırlanıb. ƏDV-nin depozit hesabından fonda vəsaitin köçürülə bilməsi 2027-ci il yanvarın 1-dən 4 il müddətinə qüvvədə olacaq. Atılan addımlar sahibkarlar tərəfindən istehsal edilən məhsulların və göstərilən xidmətlərin xərclərinin azalmasına gətirib çıxaracaq. Bu isə öz növbəsində sahibkarların gəlirlərinin artmasına, həm də bazarda qiymətlərin optimallaşdırılmasına geniş imkan yaradacaq. Sadalanan faktlar sahibkarlığın inkişafının daha da gücləndirilməsi və dövlət dəstəyinin artırılmasının Azərbaycan dövlətinin prioriteti olduğunu bir daha təsdiq edir. Bu isə nəticə etibarilə dövlət dəstəyi sahibkarların fəaliyyətini genişləndirməsinə, investisiya imkanlarının artmasına, məşğulluğun yüksəlməsinə və ölkənin iqtisadi inkişafına mühüm töhfə verir.

Alim Hüseynli

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31