Cərimələrin məqsədi sahibkarı bazardan çıxarmaq deyil- ÖZƏL
12:56 İqtisadiyyat"Hüquqi dövlət prinsipinə görə cəza proporsional olmalıdır. 18 manatlıq satış üzrə ilk dəfə edilən bir pozuntuya görə 1000 manat cərimə proporsionaldırmı?" Bunu "Olaylar"a açıqlamasında Azərbaycan, Rusiya və Türkiyə İqtisad elmləri doktoru, professor Zahid Fərrux Məmmədov deyib: "Xüsusilə kiçik sahibkarlar üçün belə cərimə bəzən bir neçə günlük, hətta aylıq qazancdan çox ola bilər. Bu baxımdan hesab edirik ki: ilk pozuntu zamanı xəbərdarlıq və ya daha aşağı məbləğli cərimə tətbiq oluna bilər; təkrar pozuntular üçün isə daha ağır sanksiyalar nəzərdə tutulmalıdır; cəza pozuntunun ağırlığı ilə mütənasib olmalıdır.
İqtisadi siyasətin məqsədi sahibkarı cəzalandırmaqdan daha çox qanuna əməl etməyə təşviq etmək olmalıdır. Əgər cərimələr həddindən artıq yüksək olarsa, bu, xüsusilə kiçik biznesin fəaliyyətinə mənfi təsir göstərə, hətta bəzi hallarda qeyri-rəsmi fəaliyyətə keçidi stimullaşdıra bilər. Bununla belə, belə cərimələrin proporsionallığı və xüsusilə ilk dəfə törədilən pozuntular üçün uyğunluğu hüquqşünaslar və iqtisadçılar arasında müzakirə olunan məsələlərdən biridir.
Cərimələrin məqsədi sahibkarı bazardan çıxarmaq deyil, onu qanuna uyğun fəaliyyət göstərməyə sövq etməkdir".