Bu vergi ödəyicilərinə güzəştlər olacaq

Azərbaycanda bu vergi ödəyicilərinə güzəştlər olacaq. Belə ki, "Startap" şəhadətnaməsi almış vergi ödəyicilərinə güzəştlər şamil olunacaq. "Olaylar" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, "startap" şəhadətnaməsi almış vergi ödəyicilərinin, sənaye və texnologiya parklarının rezidentlərinə şəhadətnamənin verildiyi ilk 3 (üç) il müddətində vergi yoxlamaları nəticəsində hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları, faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları üzrə ümumi borc məbləği 50000 (əlli min) manatdan çox olmadıqda, həmin borc məbləği üzrə yuxarı vergi orqanına və ya məhkəməyə şikayət verildiyi tarixdən şikayət üzrə qəbul edilən qərarın qanuni qüvvəyə mindiyi tarixədək kredit, elektron pul təşkilatına və ya bank əməliyyatları aparan şəxsə pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulmasına dair sərəncam göndərilmir. Bu maddənin müddəaları riskli vergi ödəyicisi hesab edilən şəxslərə şamil edilməyəcək.

Hazırda vergi ödəyicisinin azı 3 (üç) il ərzində mülkiyyətində olan iştirak payının və ya səhmin təqdim edilməsindən əldə olunan gəlirlərinin 50 faizi gəlir vergisindən azaddır. Layihəyə əsasən, bu iştirak payı və ya səhm "Startap" şəhadətnaməsi və ya texnoparkın qeydiyyat şəhadətnaməsini almış hüquqi şəxsə aid olduqda azı 3 (üç) il ərzində gəlirlərin 100 faizi vergidən azad olacaq. "İnvestisiya fondları haqqında" qanuna uyğun olaraq müəyyən edilmiş akkreditə olunmuş investor tərəfindən vençur kapitalı fondlarına, habelə "Startap" şəhadətnaməsi və ya sənaye yaxud texnoparkın qeydiyyat şəhadətnaməsini almış rezident hüquqi şəxslərə, gələcək iştirak payı (səhm) haqqında müqavilələr və konvertasiya edilən borclar əsasında, o cümlədən həmin hüquqi şəxslərin nizamnamə kapitalına bilavasitə yeni yaradılmış (emissiya edilmiş) iştirak paylarının (səhmlərin) əldə edilməsi vasitəsilə nağdsız qaydada yatırılan investisiya məbləğinin 100 faizi həcmində hissəsi investisiyanın yatırıldığı hesabat ili üzrə fiziki şəxsin vergitutulan ümumi gəlirindən çıxılacaq.

Güzəşt aşağıdakı şərtlər nəzərə alınmaqla tətbiq ediləcək:

- bu maddəyə əsasən fiziki şəxsin gəlirindən çıxılan məbləğ onun müvafiq hesabat ili üzrə vergitutulan ümumi gəlirinin 50 faizindən çox olmamalıdır;

- investisiya yatıran fiziki şəxs investisiya cəlb edən hüquqi şəxsin təsisçiləri (payçıları) və ya icra orqanının rəhbərləri ilə qarşılıqlı surətdə asılı olan şəxs olmamalıdır;

- investisiya yatıran fiziki şəxs bu investisiya nəticəsində hüquqi şəxsin nizamnamə kapitalında birbaşa və ya dolayısı ilə 50 faiz və ondan daha çox iştirak payına (səhmə) və ya səsvermə hüququna malik olmamalıdır (bu məhdudiyyət vençur kapitalı fondlarına qoyulan vəsaitə tətbiq edilmir);

- əldə edilmiş iştirak payı (səhm) və ya investisiya müqaviləsi üzrə hüquqlar investisiyanın yatırıldığı tarixdən etibarən azı 3 (üç) il müddətində fasiləsiz olaraq fiziki şəxsin mülkiyyətində saxlanılmalıdır.

Göstərilən 3 (üç) illik müddət başa çatmamış iştirak payı (səhm) və ya müqavilə hüququ üçüncü şəxslərə verildikdə (özgəninkiləşdirildikdə), habelə yatırılan investisiya məbləği (o cümlədən borc əsasında) hüquqi şəxsdən geri çağırıldıqda, gəlirdən çıxılmış məbləğ əməliyyatın baş verdiyi hesabat ilində vergi ödəyicisinin vergitutulan gəlirinə bərpa edilir. İnvestisiya cəlb edən şəxsin müflis elan edilməsi və ya ləğv olunması halları iştirak payının özgəninkiləşdirilməsi sayılmır və bu halda əvvəllər gəlirdən çıxılmış məbləğ vergiyə cəlb olunmur. Lakin, vergitutma bazasının ikili azaldılmasına yol verməmək məqsədilə, gəlirdən çıxılmış həmin investisiya məbləği təkrarən zərər (ümidsiz borc, xərc) kimi tanına bilməz. İnvestisiya cəlb edən hüquqi şəxs tərəfindən cəlb edilmiş investisiya vəsaitləri bu Məcəllənin 3 (üç) illik müddət ərzində qeyri-istehsal (qeyri-əməliyyat) məqsədləri üçün investisiya yatıran hüquqi şəxsə və ya üçüncü şəxslərə borc kimi verildikdə, əmtəəsiz əməliyyatlar vasitəsilə nağdlaşdırıldıqda və ya dividend şəklində bölüşdürülməsi aşkar edildikdə investisiya yatıran hüquqi şəxsin (investorun) mənfəətindən çıxılmış məbləğlər əməliyyatın baş verdiyi hesabat ilində tam bərpa edilərək vergitutulan mənfəətə daxil edilir. İnvestisiya cəlb edən hüquqi şəxsin nizamnamə kapitalının 50 faizindən çoxunun müstəqil üçüncü şəxslərə satılması və ya keçməsi, habelə səhmdar cəmiyyətinin səhmlərinin fond birjasında ilkin kütləvi təklifi halları baş verdikdə bu abzasda göstərilən 3 (üç) illik fasiləsiz saxlama məhdudiyyəti tətbiq edilmir və əvvəllər gəlirdən çıxılmış məbləğ bərpa edilmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31