«Royalbank» niyə bağlandı?
Buna əsas səbəb kimi kommersiya təşkilatının İranın çirkli pullarını yuması göstərilir
16 İyul 2012 16:50 İqtisadiyyat"Royalbank" ətrafında başlanmış ajiotaj nəhayət, bankın bağlanması ilə nəticələndi. Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 12 iyul 2012-ci il tarixli, 17 saylı qərarı ilə "Royalbank" ASC-nin lisenziyası ləğv edilib. Məcmu kapitalın minimal məbləği və adekvatlığı tələblərinə əməl etmədiyinə, kreditorları qarşısında öhdəliklərini icra edə bilmədiyinə, idarəetməni və cari fəaliyyəti etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, eləcə də Mərkəzi Bankın verdiyi yazılı göstərişlərini yerinə yetirmədiyinə görə "Banklar haqqında" Qanunun 16.1-ci, 16.1.6-cı, 16.1.7-ci, 16.1.8-ci, 16.1.9-cu, 16.1.16-cı və 16.1.18-ci maddələri rəhbər tutularaq, "Royalbank" ASC-nin bank lisenziyası ləğv edilib. Mərkəzi Bankın İdarə Heyətinin adı çəkilən qərarı ilə 13 iyul 2012-ci il tarixdən "Royalbank" ASC-yə müvəqqəti inzibatçı təyin edilib. Müvəqqəti inzibatçı bankın baş ofisinin yerləşdiyi ünvanda fəaliyyət göstərir. "Royalbank" ASC barəsində iflas prosedurlarının başlanması üçün Mərkəzi Bank məhkəmə orqanlarına bankın müflis elan edilməsi və kreditorları qarşısında öz öhdəliklərini yerinə yetirə bilməməsi barədə ərizə ilə müraciət edəcək. "Banklar haqqında" Qanunun 62.3-cü maddəsinə əsasən iflas prosedurlarının başlanmasına dair ərizə Mərkəzi Bank tərəfindən verildikdən sonra bank barəsində dərhal moratorium qüvvəyə minmiş hesab olunacaq.
Mərkəzi Bankın məlumatına görə, "Royalbank" ASC Əmanətlərin Sığortalanması Fondunun üzvüdür. Qanunvericiliyə əsasən "Royalbank" ASC-nin qorunan əmanətləri üzrə əmanətçilərə kompensasiyaların ödənilməsi prosedurlarına başlanılması üçün artıq Əmanətlərin Sığortalanması Fondunda lazımi tədbirlər görülür. Əmanətlər üzrə kompensasiyaların ödənilməsi barədə əlavə məlumat veriləcək.
Bəs Mərkəzi Bankın sayca bağlanan dördüncü bank olan Royalbankı qapatmasına əsas verən nə oldu? Bundan öncə bağlanan "Kövsər" və "Debütbank"dan fərqli olaraq, "Birlikbank"da olduğu kimi, 16.1.9-cu maddə irəli sürülüb ki, bu da terrorçuluğu maliyyələşdirmə və qanunsuz pul əldə olunmasıdır. "Rayolbank"ın bağlanması ilə proqnozlar artıq ötən ilin sonlarından verilirdi. Burada əsas səbəb kimi kommersiya təşkilatının İranın çirkli pullarını yumaq göstərildi. Qeyd edək ki, buna dair iddia hansısa beynəlxalq təşkilatın hesabatında da yer almışdı. Ekspertlər İran verisyasını daha ağlabatan hesab edirlər. Xatırladaq ki, KİV-də bankın İranla əlaqəsi barədə məlumatlar dərc olunurdu. Bankın təsisçisi İran vətəndaşı Əli Candır, təxminən 86 faiz paya malikdir. Əli Canın xanımının və oğlunun da payı vardı. Ekspertlər "Royalbank"a qarşı irəli sürülən itihamlar arasında məcmu kapitalının yerinə yetirilməməsi məsələsini real saymırlar. Mərkəzi Bankın tələblərinə görə kommersiya banklarının məcmu kapitalı minimumu 10 milyon manat olmalıdır. Bu tələbi yerinə yetirməyən kommersiya qurumlarına qarşı müəyyən tədbirlər həyata keçirilir. Amma "Röyal Bank"ın məcmu kapitalı 2011-ci ildə 18 milyon manat, 2012-ci ilin 1-cü rübünün məlumatına görə 16 milyon olub. Birdən-birə qısa müddət ərzində məcmu kapitalın 10 milyon manatdan aşağı düşməsi ehtimalı real görünmür.
Siyasi ekspertlər hesab edir ki, adı məşhur Vikileaksda çəkilmiş və İranla hallandırılmış bankın aqibəti belə də olmalı idi. İrana qarşı böyük dövlətlərin cəbhə aldığı, dünyanı idarə edən nəhəng monopolist şirkətlərin İrana qarşı emqarqo tətbiq etdiyi bir vaxtda bu cür bank Bakıda uzun müddət fəalliyyət göstərə bilməzdi.
Aslan