Fermerlər ayağa qalxa bilər - TƏHLÜKƏ

Kartof əkini ilə məşğul olan fermerlər evlərini itirmək təhlükəsi qarşısında

Ölkədə yürüdülən aqrar siyasətə kölgə salan məmurlar fermerlərlə hakimiyyəti qarşı-qarşıya qoyur. Hökumətin aqrar sahənin inkişafını prioritet sahə elan etməsinə, bu yöndə müxtəlif güzəştlərin tətbiq olunmasına baxmayaraq ömrünü-gününü əkin-biçinə, torpağa həsr edən fermerlərin bu gün üzləşdikləri problemlər sonda dözülməz hal alıb. Fermerlər bir növ dövlətin onlar üçün yaratdığı imkanlardan istifadəsiz qalıblar. Məhz bunun nəticəsidir ki, bir zamanlar kənd təsərrüfatı sahəsində əldə olunan uğurlar indi mənfi saldo ilə müşahidə olunur. Davamlı olaraq müəyyən problemlərlə üzləşən fermerlər sonda öz sevimli peşələrindən əl çəkərək başqa sahədə özlərini sınamağa başlayırlar. Buna görə də, əkinə yararlı torpaq sahələrinin böyük bir hissəsi əkilməmiş olaraq qalır, Aran bölgəsində torpaqların böyük əksəriyyəti şoranlaşır və ən əsası bu gün gündəlik tələbatda önəmli yer tutan əksər kənd təsərrüfatı məhsulları İran və digər xarici ölkələrdən idxal olunur. Problemin dərininə gedəndə aydın olur ki, bütün bu işlərin başında məmur özbaşınalığı və məmurların öz səlahiyyətlərini dərindən dərk etməməsi durur. Bu fikirləri jurnalist olaraq yazmıram. Bunu mənə Cəlilabad rayonundan olan fermerlər deyir. Qeyd edim ki, Cəlilabad rayonuna səfərim zamanı fermerlərin fəaliyyəti, məhsul yığımında üzləşdiklləri problemlər, məhsulların satışı sahəsində ortaya çıxan problemləri araşdırmaq məqsədilə bir neçə fermerlə söhbət etdim. 17-ha-lıq ərazidə kartof əkən İslam deyir ki, bu il üzləşdiyi problemlərdən sonra belə bir qərara gəlib ki, növbəti ildən fermerliyin daşını atsın. Həmsöhbətim qeyd edir ki, min bir əzab-əziyyətlə yetişdirdiyi məhsul indi onun həyatı bahasına başa gəlib. Belə ki, məhsulun yetişdirilməsi üçün öz maliyyə imkanları ilə dost-tanışında bu cür imkanlarından istifadə etməyinə baxmayaraq sonda zərər içindədir: "Mən uzun müddətdir ki, fermerliklə məşğulam. Bir müddət 17-ha-lıq ərazidə müqavilə əsasında fəaliyyət göstərirdim. Sonradan gördüm ki, bu cür işləməklə bütün qazancımız icarə puluna gedir. Bundan sonra yaxın qohumlarla əlbir olub sahəni 80 min manata aldıq. Bu il həmin ərazidə kartof əkmişik. 17 ha torpaq sahəsindən cəmi 15 ton məhsul götürmüşük. Bu ilin məhsuldarlığı çox aşağı səviyyədədir. Ancaq buna baxmayaraq əlimizdə olan məhsulları da sata bilmirik. İndi ziyanı necə təlafi edəcəyimizi düşünürük".Həmsöhbətim deyir ki, ümumi məhsul əkininə 60 min manata yaxın xərci çıxıb. Bu pulun bir hissəsi, özünə qalan hissəsi isə qohum və dostlarına aiddir. İslam onu da dedi ki, məhsulun bazara çıxarılmasında da ciddi problemlər var. Belə ki, Cəliılabaddan Bakının hər hansı bazarına məhsul çıxaranda satışdan əldə olunan vəsait çıxarları ödəmir: "Məhsulun yığımı vaxtı cəmi 5 ha sahənin məhsunu sata bilmişəm. Onu da ki, tumu mənə verən adam götürüb. Onunla ilkin razılaşma belə idi ki, məhsulun böyük hissəsini götürəcək. Sonradan  o, məhsulu götürməkdən boyun qaçırdı. İndi demək olar ki, 12 ha-lıq ərazidə olan məhsul tərg olur. Daxili bazarlara çıxış imkanımız olsa da sonda baxırsan ki, bazarlara çıxarılan məhsul ancaq xərcləri ödəyir. 3 dəfə Bakıda "Meyvə"liyə 70 kisə mal aparmışam. Orda da kartofun kisəsini 5 manatdan götürürlər. 70 kisə malım 350 manat pul edib. Bu pulun 120 manatını maşına, 30 manatını bazara girişə, 150 manatını fəhləyə paylayandan sonra yerdə 50 manat pul qalıb ki, bu da kotanın puludur. Baxdım ki, bazara gedib gəlməkdən sə malı yerində satmaq daha məqsədə uyğundur. Burda gün ərzində 10 kisə mal satar bilirəm ki, 40 manatım var". Həmsöhbətim onu da dedi ki, dövlət tərəfindən fermerlər üçün edilən güzəştlərdən istifadə edə bilmir. Belə ki, məhsuldarlığın yüksək olması üşün Gübrə məhsullarını bazardan od qiymətinə alır: "Gübrəni 30 manata almışam, Azotu 12 manata. Heç bir güzəşt-zad yoxdur". Cəlilabadlı fermer onu da bildirdi ki, istifadədə olan torpaqda taxıl və noxud da əkib. Ancaq bu günə kimi bir xeyir götürməyib. Cəlilabadda olan zaman kartof əkini ilə məşğul olan fermerlərlə bağlı daha ciddi problemin olduğunu öyrəndik. Belə ki, bir çox fermerlər məhsul əkini üçün müfaviq banklardan kredit götürüb. Bu kredit onlara evlərinin banka girov qoyulması müqabilində başa gəlib. İndi isə vəziyyət acınacaqlıdır. Yəni, fermerlər əllərində olan məhsulları sata bilmədiyi üçün bankın pulunu qaytara bilmir. Bir çoxları bununla bağlı yarana biləcək problemdən ehtiyat edərək hökumət tərəfindən davamlı addımların atılmasının vacibliyini qeyd edirlər. Fermerlər onu da bildirirlər ki, belə bir vəziyyət davam etdiyi təqdirdə onlar evlərindən didərgin düşmək məcburiyyətində qalacaqlar. Sonda isə onu qeyd edim ki,  Cəlilabad rayonunda fermerlərin sadalanan problemi ümumrespublika fermerlərinin problemidir. Fermerlər məhsul yetişdirmək üçün bütün imkanlarından istifadə eləmələrinə baxmayaraq onların məhsul satışına normal şəraitin yaradılmaması vəziyyəti qəlizləşdirib.

Ədil  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31