Elektrik enerjisi və içməli su təchizatının tam bərpası təmin edilsin- Deputat icra strukturlarına çağırış etdi- ÖZƏL
11:33 İqtisadiyyat"Son günlər Zaqatala və Balakən rayonlarında baş vermiş güclü sel fəlakəti yüzlərlə ailənin həyatına ciddi təsir göstərmiş, yaşayış evlərinə, təsərrüfatlara, yol və körpü infrastrukturuna əhəmiyyətli ziyan vurmuşdur. Bu çətin günlərdə ilk növbədə zərər çəkmiş bütün həmvətənlərimizə öz dəstəyimizi və həmrəyliyimizi ifadə edirik. Belə ağır məqamlarda bir daha şahidi oluruq ki, Azərbaycan dövləti öz vətəndaşını heç vaxt tək buraxmır. Azərbaycan Respublikasının Prezidenti, möhtərəm cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq aidiyyəti dövlət qurumları ilk saatlardan etibarən hadisə yerinə cəlb olunmuş, fəsadların aradan qaldırılması istiqamətində operativ tədbirlərə başlanılmışdır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Asif Əsgərov deyib:
"Fövqəladə Hallar Nazirliyinin xilasediciləri, Daxili İşlər Nazirliyinin polis əməkdaşları, "Azərişıq" və "Azərsu" Açıq Səhmdar Cəmiyyətlərinin, "Azəriqaz" İstehsalat Birliyinin mütəxəssisləri, Zaqatala Rayon İcra Hakimiyyətinin Fövqəladə Komissiyası, eləcə də digər aidiyyəti qurumlar gecə-gündüz çalışaraq selin yaratdığı fəsadların aradan qaldırılması, elektrik və su təchizatının bərpası, yolların açılması və insanların təhlükəsizliyinin təmin edilməsi istiqamətində böyük fədakarlıq nümayiş etdirirlər. Bu əməyi yüksək qiymətləndirir və onlara minnətdarlığımızı bildiririk.
Xüsusilə qeyd etmək istərdim ki, Zaqatala 2012-ci ildə də güclü təbii fəlakətlə üzləşmişdi. Həmin dövrdə dövlətimizin həyata keçirdiyi genişmiqyaslı bərpa və yenidənqurma işləri nəticəsində rayon qısa müddətdə əvvəlki həyat ritminə qayıtdı. Bu gün də heç bir şübhəmiz yoxdur ki, dövlətimizin gücü, xalqımızın birliyi və aidiyyəti qurumların fədakar fəaliyyəti sayəsində bu fəlakətin nəticələri də qısa müddətdə aradan qaldırılacaqdır.
Mən buradan bütün aidiyyəti dövlət qurumlarını mövcud koordinasiyanı daha da gücləndirməyə, bərpa işlərini, ilk növbədə elektrik enerjisi və içməli su təchizatının tam bərpası, dağılan yolların və körpülərin yenidən qurulmasını maksimum operativ şəkildə davam etdirməyə çağırıram.
İnanıram ki, dövlətimizin güclü iradəsi, aidiyyəti qurumların peşəkar fəaliyyəti və xalqımızın həmrəyliyi sayəsində Zaqatala qısa zamanda bu fəlakətin nəticələrini geridə qoyacaq, bölgədə həyat tam şəkildə öz axarına qayıdacaqdır. Bu çətin günlərdə xalqımızın həmrəyliyi, dövlət-vətəndaş birliyi və fədakar insanların əməyi ən böyük gücümüzdür".