Azərbaycan energetika sahəsindəki təcrübəsini Zimbabve ilə bölüşəcək
19:45 İqtisadiyyatAzərbaycan Zimbabve ilə energetika sahəsindəki təcrübəsini bölüşəcək.
Bu barədə Azərbaycanın Energetika naziri Pərviz Şahbazov öz rəsmi "X" səhifəsində yazıb.
"Zimbabve Respublikası Milli Assambleyasının sədri Yakob Fransis Nzvidamilimo Mudenda ilə görüşdə enerji sahəsində əməkdaşlığın inkişaf perspektivlərini müzakirə etdik. Azərbaycanın neft-qaz və bərpaolunan enerji sahələrində, xüsusilə enerji qanunvericiliyi istiqamətində təcrübəsinin paylaşılması üzrə əməkdaşlıq barədə razılığa gəldik."
Xatırladaq ki, ötən gün, SOCAR-ın prezidenti ilə Zimbabve parlamentinin spikeri enerji sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Məlumata əsasən, SOCAR-ın prezidenti Rövşən Nəcəf Zimbabve Respublikası Milli Assambleyasının sədri Ceykob Frensis Nzvidamilimo Mudenda ilə görüş keçirib. Tərəflər enerji sektorunun müxtəlif istiqamətləri üzrə əməkdaşlıq imkanlarını, təcrübə mübadiləsini və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
"Görüş zamanı Azərbaycanın enerji strategiyası və ölkənin təşəbbüsü ilə həyata keçirilən qlobal əhəmiyyətli layihələr barədə məlumat verilib. Həmçinin Azərbaycanda mövcud olan əlverişli investisiya mühiti, siyasi və iqtisadi sabitlik, eləcə də xarici şirkətlərin fəaliyyətini təşviq edən şərait diqqətə çatdırılıb. Qonağa SOCAR-ın milli neft-qaz şirkətindən beynəlxalq enerji korporasiyasına çevrilməsi prosesi, şaxələndirilmiş fəaliyyəti, həm Azərbaycanda, həm də xaricdə həyata keçirdiyi layihələr barədə məlumat verilib", - deyə şirkətdən bildirilib.