İranın xəbərdarlığı bazarlarda narahatlığı artırdı: Neft qiymətləri yüksələcək?- ÖZƏL
14:07 İqtisadiyyatİran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf ABŞ-a xəbərdarlıq edərək bildirib ki, Hörmüz boğazı yalnız Tehranın şərtləri ilə açılacaq və Vaşinqtonun təhdidləri buna təsir etməyəcək. O, ABŞ-nin hədə-qorxularının və pozulmuş vədlərinin artıq nəticə vermədiyini vurğulayıb.
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli Olaylar.az-a açıqlama verib:
" İranın Hörmüz boğazı ilə bağlı sərt bəyanatları qlobal enerji bazarlarında narahatlığı artırır. Hörmüz boğazı dünya üzrə dəniz yolu ilə daşınan neftin və mayeləşdirilmiş təbii qazın əhəmiyyətli hissəsinin keçdiyi strateji marşrut olduğundan, burada gərginliyin artacağı ilə bağlı gözləntilər neft qiymətlərinin yüksəlməsinə səbəb ola bilər. Hətta boğazın faktiki bağlanması baş verməsə belə, risklərin artması bazarlarda qiymət dəyişkənliyini gücləndirə bilər.
Belə bir vəziyyət davam edərsə, enerji daşıyıcılarının bahalaşması nəqliyyat, istehsal və logistika xərclərini artıraraq dünya üzrə inflyasiya təzyiqini gücləndirə bilər. Enerji idxalından asılı ölkələr daha çox təsirlənə, qlobal ticarətdə gecikmələr və əlavə xərclər yarana bilər. Bununla yanaşı, vəziyyətin real iqtisadi təsiri tərəflərin sonrakı addımlarından, hərbi gərginliyin artıb-artmamasından və Hörmüz boğazında nəqliyyatın faktiki olaraq məhdudlaşdırılıb-məhdudlaşdırılmamasından asılı olacaq".
Zeynəb Mustafazadə