Azərbaycan və Türkiyə ilə enerji əlaqələri İrəvanı Rusiya asılılığından qurtara bilərmi? – ÖZƏL
16:58 İqtisadiyyatErmənistanın Baş naziri Nikol Paşinyan Avropa Komissiyasının sədri Ursula Fon der Leyenlə birgə mətbuat konfransında bildirib ki, regionda kommunikasiyaların açılması çərçivəsində Azərbaycan və Türkiyə ilə enerji əlaqələrinin inkişaf etdirilməsi vacibdir.
Paşinyanın sözlərinə görə, bu ölkələrlə elektrik verilişi xətlərinin çəkilməsi və inteqrasiyası həm Ermənistanın enerji təhlükəsizliyinə, həm də "yaşıl keçid" prosesinə mühüm töhfə verəcək.
"Prinsip etibarilə bu layihə rahatlıqla həyata keçirilə bilər. Amma məsələ təkcə texniki tərəflə məhdudlaşmır. Əsas məsələ Azərbaycan və Ermənistan arasında sülh gündəliyinin irəliləməsidir. Çünki Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması, sərhədlərin açılması, enerji ticarəti və digər məsələlər məhz Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasından, yəni sülh gündəliyində irəliləyişin əldə olunmasından asılıdır".
Bu sözləri Olaylar.az-a açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib. İqtisadçı bildirib ki, bu prosesin Ermənistan, Azərbaycan və Türkiyə üçün nə vəd etdiyinə gəlincə, ilk növbədə Ermənistan üçün bunun əsas üstünlüyü enerji təcridindən çıxmaq imkanıdır. Ermənistanın geniş sərhədləri Türkiyə və Azərbaycanla olsa da, bu sərhədlər uzun illərdir bağlıdır. Belə olan halda ölkə enerji təchizatında ciddi problemlərlə üzləşir və böyük ölçüdə Rusiyadan asılı vəziyyətdə qalır. Təsadüfi deyil ki, Reuters-in yaydığı məlumata görə, 2025-ci ildə Ermənistanın idxal etdiyi qazın 82 faizi Rusiyanın payına düşürdü. Bu isə çox ciddi enerji asılılığı deməkdir. Belə enerji xətlərinin çəkilməsi Ermənistanın alternativ enerji bazarlarına çıxış imkanlarını genişləndirə, enerji təhlükəsizliyini gücləndirə bilər. Enerji təhlükəsizliyi isə hər bir dövlət üçün milli təhlükəsizliyin əsas tərkib hissələrindən biridir. Bu layihə regional əməkdaşlıq baxımından, xüsusilə də Azərbaycanın regional enerji mərkəzi rolunu daha da möhkəmləndirməsi üçün əlavə imkan yaradacaq. Azərbaycan artıq regional enerji mərkəzi kimi fəaliyyət göstərir. Bakı Türkiyə ilə enerji sektorunda bir sıra mühüm layihələri həyata keçirir. Eyni zamanda Türkiyə ilə yaşıl enerji layihələri üzərində də iş aparılır. Bu layihənin, xüsusilə də Zəngəzur dəhlizi istiqamətində həyata keçirilməsi Azərbaycanın regional bağlantılarını daha da gücləndirəcək. Bundan əlavə, Naxçıvan da bu layihədən ciddi şəkildə faydalanacaq. Enerji xətlərinin Naxçıvan istiqamətində çəkilməsi muxtar respublikanın həm Azərbaycanın əsas hissəsi ilə, həm də ümumilikdə regional enerji və nəqliyyat sisteminə inteqrasiyasına mühüm töhfə verəcək.
"Türkiyəyə gəldikdə isə hesab edirəm ki, onun əldə edəcəyi üstünlüklər Azərbaycan və Ermənistan üçün yaranan imkanlardan heç də az deyil. Əksinə, Türkiyənin regionda onsuz da artmaqda olan nüfuzu daha da güclənəcək. Bundan başqa, Türkiyə regional elektrik enerjisi ticarətində əsas mərkəzlərdən birinə çevrilə bilər. Çünki həm Azərbaycan, həm də Ermənistanla vahid enerji şəbəkəsinin qurulması Türkiyə üçün daha geniş elektrik bazarı və tranzit imkanları deməkdir. Bu layihə həmçinin Ermənistanın Rusiyadan enerji asılılığını ciddi şəkildə azalda bilər. Lakin bu, Rusiyadan tam qurtulmaq anlamına gəlmir. Çünki söhbət təkcə qaz təchizatından getmir. Ermənistanın nüvə energetikası, enerji infrastrukturu və digər sahələrdə Rusiyanın təsiri hələ də qalmaqdadır. Buna görə də tam müstəqillik qısa müddətdə mümkün görünmür. Ancaq bu layihə həyata keçirilərsə, Rusiyadan enerji asılılığının əhəmiyyətli dərəcədə azalması real görünür", - deyə iqtisadçı vurğulayıb.
Səidə Ramazanova