Neft bazarında qiymət savaşı başlayır: Azərbaycanı nə gözləyir? – ÖZƏL
13:53 İqtisadiyyatDünyanın ikinci ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanı avqust ayından etibarən bütün regionlarda alıcılar üçün neftin satış qiymətlərini əhəmiyyətli dərəcədə azaldacaq. Dövlət şirkəti Saudi Aramco-nun qərarına əsasən, Asiya bazarında Arab Light markalı neftin qiyməti son 20 ildən çox müddətdə ən böyük endirimlə təklif olunacaq. Qiymətlər ABŞ və Avropa alıcıları üçün də aşağı salınacaq. Ekspertlər bu addımın dünya neft bazarında qiymətlərin enməsi tendensiyasını gücləndirə biləcəyini bildirirlər.
Səudiyyə Ərəbistanının bu qərarının əsas səbəbləri nədir? Bu addım dünya neft qiymətlərinə necə təsir göstərə bilər? Qiymət endirimi Azərbaycan kimi neft ixrac edən ölkələr üçün hansı nəticələr yarada bilər?
Mövzunu Olaylar.az-a iqtisadçı ekspert Razi Abbasbəyli şərh edib. Ekspert bildirib ki, burada əsasən bir neçə səbəb mövcuddur. Birinci növbədə, Amerika Birləşmiş Ştatları, Braziliya və Qayana kimi ölkələr neft hasilatını artırırlar və bu da bazarda ciddi rəqabət yaradır. Buna görə də Səudiyyə Ərəbistanı hesab edir ki, bazardakı mövqeyini qoruyub saxlamaq üçün ilk növbədə qiymətləri aşağı salmaq lazımdır. Belə olan halda, təbii ki, dünya bazarına neft çıxaran digər istehsalçı ölkələr də ən böyük istehsalçının bazardakı dominantlığına qarşı qiymətləri aşağı salmağa məcbur olacaqlar. Bu isə bütün dünya üzrə neft qiymətlərinin enməsinə səbəb olacaq. Digər tərəfdən, dünya iqtisadiyyatında artım tempinin zəifləməsi, xüsusilə də Çində iqtisadi artım göstəricilərinin aşağı olması neftə olan tələbatın azalmasına gətirib çıxarır. Belə şəraitdə həm neftə tələbin azalması, həm də iri hasilatçıların bazara daha çox neft çıxarması qiymət rəqabətini gücləndirir. Bu baxımdan, Saudi Aramco-nun belə bir qərar verməsi bazara çox ciddi təsir göstərəcək.
İqtisadçının sözlərinə görə, burada ən ciddi problemlərdən biri də OPEC+ ölkələri arasında hasilatla bağlı intizamın pozulmasıdır. Əvvəllər OPEC+ ölkələri arasında hasilat üzrə mütəmadi razılaşmalar əldə olunur, hasilat həcmi və dünya bazarına çıxarılan neftin miqdarı ilə bağlı öhdəliklər götürülürdü. Bu razılaşmalar həm bazara çıxarılan neftin həcmini, həm də qiymət siyasətini tənzimləyirdi. Görünən odur ki, artıq OPEC+ ölkələri arasında bu razılaşmalar öz təsirini itirməyə başlayır və anlaşma pozulmaq üzrədir. Nəticə etibarilə, Səudiyyə Ərəbistanı hesab edir ki, gələcək dövrdə bazardakı mövqeyini qorumaq üçün nefti daha ucuz qiymətə bazara çıxarmalıdır. Nəticədə neft ixrac edən bütün ölkələr bu vəziyyətə uyğunlaşmağa məcbur qalacaqlar və neftin qiymətinin kəskin şəkildə ucuzlaşması prosesi başlaya bilər. Əlbəttə ki, bu tendensiya Azərbaycan üçün də arzuolunan deyil. Çünki neftin qiymətinin aşağı düşməsi həm Dövlət Neft Fondunun, həm də Azərbaycan Dövlət Neft Şirkətinin gəlirlərinə, dolayısı ilə dövlət büdcəsinə daxilolmalara mənfi təsir göstərəcək. Bu təsirlər ilkin mərhələdə dərhal hiss edilməsə də, növbəti illərin dövlət büdcəsinin formalaşmasına mühüm təsir göstərə bilər.
"Neftin qiymətinin kəskin şəkildə ucuzlaşması Azərbaycan üçün arzuolunmaz vəziyyətdir. Nəzərə alsaq ki, ilin birinci yarısında Azərbaycanda iqtisadi artım faktiki olaraq sıfır səviyyəsində olub, neft gəlirlərinin azalması və neftin qiymətinin ucuzlaşması növbəti mərhələdə ölkənin gəlirlərinin əhəmiyyətli dərəcədə azalmasına səbəb ola bilər", - deyə iqtisadçı əlavə edib.
Səidə Ramazanova