Kraudfandinq bankı əvəz etmək üçün yaranmayıb-Zahid Oruc

"Azərbaycan iqtisadiyyatının yeni inkişaf mərhələsinə keçidi müxtəlif maliyyə mexanizmlərinin formalaşdırılmasını zəruri edir. XXI əsrdə iqtisadiyyat artıq yalnız bank kreditləri, dövlət investisiyaları və iri maliyyə institutları üzərində qurulmur. Dünyada milyonlarla insan rəqəmsal platformalar vasitəsilə kiçik məbləğlərlə yeni ideyalara, innovativ layihələrə və sahibkarlıq təşəbbüslərinə sərmayə yatırır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Zahid Oruc deyib.

Deputat qeyd edib ki, əslində kraudfandinqin mahiyyəti çox sadədir: "Təsəvvür edin ki, gənc bir mühəndis yeni texnologiya hazırlayıb, bir fermer istehsalını genişləndirmək istəyir və yeni məhsulunu bazara çıxarmağa hazırlaşır. Onların yaxşı ideyası var, amma bankın tələb etdiyi girovu yoxdur, ənənəvi maliyyə mənbələrinə çıxışı məhduddur. Kraudfandinq isə belə layihələrə minlərlə insanın kiçik məbləğlərlə qoşulmasına imkan yaradır. Bir nəfərin gerçəkləşdirə bilmədiyi layihəni yüzlərlə, hətta minlərlə insan birlikdə maliyyələşdirir. Məhz buna görə dünyanın aparıcı iqtisadiyyatları kraudfandinqi innovasiyanın, sahibkarlığın və iqtisadi fəallığın mühüm maliyyə alətlərindən birinə çeviriblər.

Azərbaycan da son illərdə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, kiçik və orta sahibkarlığın gücləndirilməsinə çalışır.
Belə bir şəraitdə "Kraudfandinq haqqında" ayrıca qanunun qəbul edilməsi tamamilə zəruri addımdır.

Son 15-20 ildə dünya maliyyə bazarlarında baş verən ən mühüm yeniliklərdən biri məhz kraudfandinqin meydana çıxmasıdır. Əgər əvvəllər yeni biznes qurmaq istəyən insanın yalnız iki yolu var idisə - ya banka müraciət etmək, ya da imkanlı investor tapmaq - lakin indi üçüncü maliyyələşmə modeli formalaşıb. Minlərlə insan kiçik məbləğlərlə müxtəlif layihələrin investoruna çevrilə bilir. Beləliklə, kapital yalnız iri maliyyə institutlarının əlində cəmləşmir. İstedadlı insanın ideyası ilə cəmiyyətin sərbəst vəsaiti arasında yeni maliyyə körpüsü yaranır.

Beynəlxalq araşdırmalar göstərir ki, minlərlə texnologiya şirkəti, istehsal müəssisəsi, sosial layihə və yaradıcı biznes ilk maliyyəsini məhz kraudfandinq vasitəsilə əldə edib. Qlobal kraudfandinq bazarının həcmi artıq 100 milyard ABŞ dollarını ötüb və yaxın illərdə iki dəfə artacağı gözlənilir".

Deputat bildirib ki, 1990-cı illərdə Azərbaycanda maliyyə piramidaları və qeyri-sağlam maliyyə modelləri minlərlə insanın vəsaitini təhlükə altına salmışdı: "Ona görə də qanunun əsas məqsədi yeni maliyyə aləti yaratmaqla birlikdə həm də belə münasibətləri dövlət nəzarətinə gətirmək və vətəndaşların vəsaitlərini qorumaqdır.

Maliyyə piramidasında və ya beynəlxalq praktikada məşhur Ponzi sxemində əvvəlki iştirakçılara ödəniş yeni cəlb olunan insanların vəsaiti hesabına edilir. Real iqtisadi fəaliyyət və ya investisiya layihəsi olmur, sistem yalnız yeni iştirakçılar gəldiyi müddətdə yaşayır və sonda qaçılmaz şəkildə dağılır.

Kraudfandinqdə isə vəsait konkret layihəyə və ya biznesə yönəldilir. İnvestor əvvəldən bilir ki, investisiya riski mövcuddur və gəlir yalnız layihənin uğurundan asılıdır. Kraudfandinqin əsasında kapitaldan çox, ictimai etimad dayanır. İnsanlar inandıqları ideyanı maliyyələşdirirlər. Təqdim olunan qanun layihəsinin əhəmiyyəti də platformaların Mərkəzi Bank tərəfindən tənzimlənməsi, fəaliyyət şərtlərinin müəyyən edilməsi, investorların məlumatlandırılması, risklərin açıqlanması və nəzarət mexanizmlərinin yaradılması məhz belə halların qarşısını almağa xidmət edir.
Kraudfandinq təkcə texnologiya şirkətlərinə xidmət etmir, həm də kənd təsərrüfatında, sənayedə, yaşıl enerji layihələrində, turizmdə, səhiyyədə, təhsildə və yaradıcı iqtisadiyyatda da geniş tətbiq olunur.

Onun mühüm üstünlüklərindən biri də regionlarda sahibkarlığın inkişafına verdiyi töhfədir. Paytaxtdan kənarda fəaliyyət göstərən sahibkar da öz layihəsini daha geniş investor auditoriyasına təqdim etmək imkanı qazanır. Beləliklə, maliyyə resurslarına çıxış coğrafi məhdudiyyətlərdən xeyli dərəcədə azad olur.

Kraudfandinq bankı əvəz etmək üçün yaranmayıb. Onun məqsədi bankın maliyyələşdirə bilmədiyi erkən mərhələdə olan ideyalara ilk nəfəs verməkdir. Uğur qazanan layihələrin çoxu sonradan bank sektorunun da etibarlı müştərilərinə çevrilirlər.
Beynəlxalq təcrübədə Avropa İttifaqı, Böyük Britaniya, ABŞ, Kanada, Avstraliya, Sinqapur kimi inkişaf etmiş ölkələr, eləcə də Türkiyə, Qazaxıstan və Birləşmiş Ərəb Əmirlikləri kraudfandinqi xüsusi qanunvericiliklə tənzimləyiblər.

Hazırki qanun layihəsi səhm və borc əsaslı kraudfandinqin hüquqi əsaslarını müəyyən edir, platforma operatorlarının fəaliyyətini tənzimləyir, investorların hüquqlarını qoruyur.

Maliyyələşmə mənbələri nə qədər müxtəlif olarsa, iqtisadiyyat da bir o qədər dayanıqlı və çevik olar. Bank krediti, qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta sektoru və alternativ maliyyələşmə alətləri birlikdə güclü maliyyə ekosistemini formalaşdırır. Yeni qanunun əsas məqsədi budur: yaxşı ideya maliyyə çatışmazlığı ucbatından yarımçıq qalmamalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31