Dron hücumları Rusiyanı benzin böhranına sürükləyir: Kreml qışda yanacaqsız qala bilər? – ÖZƏL
12:02 İqtisadiyyat"Hazırda Rusiyanın daxili bazarında benzinlə bağlı ciddi təchizat problemi mövcuddur. Rusiya il ərzində təxminən 40-45 milyon ton avtomobil benzini istehsal və istehlak edir. Bu da aylıq orta hesabla təxminən 3,8 milyon ton benzin deməkdir. Yəni Rusiyanın daxili bazarında hər ay sabit şəkildə təxminən 3,8 milyon ton benzinə tələbat var".
Bu fikirləri Olaylar.az-a açıqlamasında iqtisadçı ekspert Razi Abbasbəyli deyib. İqtisadçı bildirib ki, son günlər Rusiyanın neft emalı zavodlarına dron hücumları və texniki problemlər səbəbindən istehsal göstəriciləri aşağı düşüb. Hesablamalara görə, hazırda Rusiyanın daxili bazarında təxminən 20 faiz həcmində, yəni aylıq 400 min tona qədər benzin çatışmazlığı mövcuddur. Hətta bu günlərdə məlumat yayıldı ki, Rusiya tarixdə ilk dəfə olaraq Hindistandan benzin almağa başlayıb və aylıq 400 min tona qədər benzini Hindistandan idxal etməyi nəzərdən keçirir. Azərbaycanın benzin ixracı imkanları isə o qədər də geniş deyil. Əgər Rusiya Azərbaycandan böyük həcmdə benzin almağa başlasa, bu, dövlət büdcəsinin gəlirlərini artıra bilər. Lakin daxili bazarda təklif azalarsa, təbii ki, qiymətlər də bahalaşa bilər. Buna görə də dövlət daxili bazarın təminatını prioritet saxlamalıdır ki, benzinin qiymətində artım baş verməsin. Adətən Azərbaycan hökuməti müxtəlif dövrlərdə bu cür addımlar atıb və biz bunun şahidi olmuşuq. Rusiyanın aylıq yüz minlərlə ton benzin tələbatını qarşılamaq baxımından Azərbaycanın iştirakı o qədər də nəzərəçarpacaq olmayacaq. Əgər Rusiyanın hər ay 400 min ton və ya 1 milyon ton benzininə ehtiyacı yaranarsa, Azərbaycanın ixrac imkanları bunu qarşılamaq üçün kifayət etmir. Xüsusilə də söhbət əsasən Aİ-92 markalı benzinin ixracından gedə bilər.
Ekspert qeyd edib ki, əgər dövlət tənzimlənən qiymət siyasətini dəyişərsə, Azərbaycanın daxili bazarında pərakəndə satış qiymətlərində bahalaşma baş verə bilər. Lakin indiki şəraitdə Rusiyanın əsas ümidləri daha çox öz neft emalı güclərinin bərpasına yönəlib. Bununla yanaşı, Belarus və Hindistan kimi daha iri təchizatçılara müraciət edəcəyi də gözlənilir. Ümid edirəm ki, Azərbaycan da Rusiyaya benzin satmağa davam edəcək. Bu, əvvəlki dövrlərdə də baş verib. Xüsusilə son vaxtlar Ermənistan üzərindən benzin ixracı prosesi həyata keçirilir və Ermənistan üçüncü ölkə kimi Rusiyaya Azərbaycan benzinini sata bilər. Lakin yenə də qeyd edirəm ki, burada çox böyük həcmdən söhbət getmir. Daxili bazarın maraqları qorunmaqla emaldan artıq qalan, təxminən 10-17 min ton həcmində benzinin Rusiyaya satılması mümkündür. Hazırda bəzi məlumatlara görə, Rusiya bir sıra ölkələrdən, xüsusilə Qazaxıstandan, eləcə də bəzi mənbələrin iddiasına əsasən Belarusdan 50 min ton həcmində benzin yardımı istəyib. Əgər Rusiyada vəziyyət bu şəkildə davam edərsə, daxili bazarda yanacaq böhranı daha da dərinləşəcək. Qeyd etdiyimiz kimi, aylıq təxminən 3,8 milyon ton benzinə ehtiyac var. Əgər dron hücumları davam edərsə və emal gücləri daha da azalarsa, çatışmazlıq əhəmiyyətli dərəcədə arta bilər. Əgər əlavə olaraq 1,5-2 milyon ton həcmində benzinə ehtiyac yaranarsa, bu, Rusiya üçün çox ciddi problem olacaq və iqtisadiyyatına ağır təsir göstərəcək.
"Rusiya geniş əraziyə malik ölkədir və əhalinin sıxlığı bir çox regionlarda aşağıdır. Bu səbəbdən regionlar arasında iqtisadi əlaqələrin zəifləməsi riski yarana bilər. Xüsusilə şimal və soyuq iqlimə malik ərazilərdə qış aylarında yanacağa tələbat daha yüksək olur. Həmin bölgələrdə iqtisadi vəziyyət daha da ağırlaşa bilər. Kreml də yaxşı anlayır ki, dron hücumları davam edərsə, qış aylarına doğru Rusiya daha ciddi problemlərlə üzləşə bilər. Bir daha qeyd edirəm ki, Azərbaycan bu prosesdə Rusiyaya nəzərəçarpacaq həcmdə dəstək göstərə bilməyəcək. Çünki Azərbaycanın benzin istehsalı Rusiyanın ümumi tələbatının cəmi 1-2 faizini qarşılaya bilər. Hətta bütün mümkün ixrac həyata keçirilsə belə, bu göstərici Rusiyanın ehtiyacları fonunda çox kiçik qalacaq. Buna görə də hesab etmirəm ki, Rusiyaya benzin satışının artması Azərbaycanda benzinin bahalaşmasına səbəb olacaq. Yəni Azərbaycan Rusiyaya müəyyən həcmdə benzin satsa belə, mövcud şəraitdə bunun daxili bazarda qiymətlərə ciddi təsir göstərəcəyi gözlənilmir", - deyə iqtisadçı vurğulayıb.
Səidə Ramazanova