Rusiyada yanacaq qıtlığı: Azərbaycan üçün yeni imkan, yoxsa risk? ÖZƏL
11:36 İqtisadiyyatRusiyada yanacaq qıtlığı dərinləşdiyi üçün Moskva digər ölkələrdən neft məhsullarının idxalı imkanlarını araşdırır. Kremlin sözçüsü bildirib ki, münasib qiymətlə bağlı razılıq əldə olunarsa, Rusiya xaricdən yanacaq almağa hazırdır. Ekspertlər hesab edirlər ki, hazırda problem bütün ölkəni əhatə etməsə də, daxili bazar üçün risklər artır və vəziyyətin idarə olunması getdikcə çətinləşir.
Rusiyada yaranan yanacaq qıtlığı və mümkün idxal qərarı region ölkələrinin, xüsusilə Azərbaycanın enerji bazarına və yanacaq qiymətlərinə necə təsir göstərə bilər? Əgər Rusiya həqiqətən Azərbaycandan yanacaq idxal etmək istəsə, bu, Azərbaycanın daxili yanacaq bazarı və ixrac siyasəti baxımından hansı iqtisadi nəticələr yarada bilər?
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli Olaylar.az-a açıqlama verib:
" Rusiyada yanacaq qıtlığının dərinləşməsi və mümkün idxal qərarı ilk növbədə regionda neft məhsullarına tələbi artıra bilər. Bu isə benzin və dizel kimi məhsulların topdansatış qiymətlərinə müəyyən təzyiq yarada bilər. Lakin qiymətlərə təsir yalnız Rusiyanın hansı həcmdə idxal həyata keçirəcəyindən, alternativ təchizatçıların imkanlarından və dünya bazarındakı ümumi vəziyyətdən asılı olacaq. Buna görə də qısamüddətli dövrdə region ölkələrində kəskin qiymət artımı gözlənilməsə də, bazarda müəyyən dalğalanmalar mümkündür.
Azərbaycan üçün isə vəziyyət həm imkanlar, həm də müəyyən risklər yarada bilər. Əgər Rusiya Azərbaycandan yanacaq almaq istəsə və kommersiya baxımından sərfəli şərtlər təklif etsə, bu, yerli neft emalı və ixrac gəlirlərinin artmasına müsbət təsir göstərə bilər. Bununla yanaşı, Azərbaycanın əsas prioriteti daxili bazarın fasiləsiz təmin olunmasıdır. Buna görə də ixracın həcmi daxili tələbatı risk altına qoyacaq səviyyəyə çatarsa, dövlət ixrac siyasətində məhdudiyyətlər və ya tənzimləyici addımlar ata bilər.
Digər tərəfdən, Azərbaycanın istehsal və emal gücü məhdud olduğundan, Rusiyanın böyük həcmdə yanacaq tələbatını tam şəkildə qarşılamaq real görünmür. Bu səbəbdən mümkün ixrac daha çox əlavə və məhdud həcmdə ola bilər. Nəticə etibarilə, Rusiyanın Azərbaycandan yanacaq idxal etməsi ölkəyə əlavə valyuta gəliri qazandıra bilər, lakin daxili bazarda tarazlığın qorunması və qiymət sabitliyinin saxlanılması əsas iqtisadi prioritet olaraq qalacaq. Bu baxımdan, mümkün qərarlar bazar şəraiti və dövlətin enerji təhlükəsizliyi siyasəti nəzərə alınaraq veriləcək".
Zeynəb Mustafazadə