Məhsuldarlıqdan ixraca: klaster modelinin üstünlükləri- ÖZƏL
14:19 İqtisadiyyatKənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, 2026-2030-cu illər üçün Dövlət Proqramında pambıqçılığın klaster modeli əsasında inkişafı nəzərdə tutulur. Məqsəd 2030-cu ilədək ixtisaslaşmış rayonlarda orta məhsuldarlığı 50 sentnerə çatdırmaq, pambıq istehsalını 17 faiz, emal həcmini isə 4 dəfə artırmaqdır.
Mövzu ilə bağlı iqtisadçı ekspert Eldəniz Əmirov Olaylar.az-a açıqlama verib:
" Klaster modeli təkcə pambıqçılıqda deyil, bütün fəaliyyət istiqamətlərində məhsuldarlığı artırır və eyni zamanda emal sənayesinin inkişafına müsbət təsir göstərir. Bu da birbaşa olaraq ixracın genişlənməsinə imkan yaradır.
Qeyd etdiyim kimi, klaster modelləri fermer təsərrüfatlarında istehsal prosesinin daha səmərəli təşkilinə, məhsulun emalçılar arasında ötürülməsinə və təchizat zəncirində əlaqələrin güclənməsinə xidmət edir. Eyni zamanda, müasir texnologiyalardan istifadəyə təşviq edir. Bunun məntiqi nəticəsi olaraq əlavə dəyər daha yüksək formada formalaşır. Belə olduqda ümumi istehsal xərcləri azalır. Bu isə həm qlobal, həm də yerli bazarlarda məhsulların rəqabət qabiliyyətini artırır.
Düşünürəm ki, ilk növbədə suvarma sistemləri təkmilləşdirilməlidir. Bunun üçün müasir texnoloji həllərin tətbiqinə ehtiyac var. Bundan əlavə, toxumçuluq təsərrüfatlarının inkişaf etdirilməsi vacibdir. Çünki məhsuldarlığın əsası məhz keyfiyyətli və məhsuldar toxumlardan başlayır.
Sonrakı mərhələdə müasir emal müəssisələrinin qurulmasına ehtiyac yaranır. Bu isə investisiyaların cəlb edilməsini zəruri edir. Daha sonra logistika və saxlama infrastrukturunun yaradılması vacib məsələ kimi önə çıxır. Emal müəssisələrinin fasiləsiz fəaliyyəti üçün müvafiq saxlama infrastrukturu, yəni anbarlar formalaşdırılmalıdır.
Digər mühüm məsələ istehsal olunmuş məhsulların daha rahat logistika imkanlarına çıxışının təmin edilməsidir. Bununla yanaşı, fermerlərin maliyyə imkanlarının gücləndirilməsi də xüsusi əhəmiyyət daşıyır. Bu, çox vacib amildir. Çünki fəaliyyətini genişləndirmək istəyən istənilən təsərrüfat subyektinin maliyyə resurslarına ehtiyacı olur. Bu baxımdan, fermerlərin əlverişli maliyyə mənbələrinə çıxışının təmin edilməsi kənd təsərrüfatının inkişafı üçün əsas şərtlərdən biridir".
Zeynəb Mustafazadə