Rəqəmsal bankçılığın görünməyən riski: Texniki nasazlıqlar və təhlükəsizlik- ÖZƏL
13:10 İqtisadiyyatIyunun 24-də bəzi bankların müştərilərinin kart hesablarında yaranan problemlər bank müştəriləri arasında narahatlıq yaradıb və rəqəmsal maliyyə sistemlərinin təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib. Ekspertlər hesab edirlər ki, bu kimi risklərin qarşısının alınması üçün banklarda kiber təhlükəsizlik tədbirləri gücləndirilməli, ehtiyat sistemlər yaradılmalı və müştərilərin hüquqları daha etibarlı şəkildə qorunmalıdır.
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli Olaylar.az-a açıqlama verib:
" Bu cür texniki nasazlıqlar bank sektorunun etibarlılığına mənfi təsir göstərə bilər. Müştərilər hesablarında gözlənilməz dəyişikliklər, təkrarlanan əməliyyatlar və ya vəsaitlərə çıxış problemləri ilə qarşılaşdıqda bank sistemlərinə olan inam azalır. Xüsusilə rəqəmsal bank xidmətlərindən geniş istifadə olunduğu bir dövrdə belə hadisələr vətəndaşlarda maliyyə təhlükəsizliyi ilə bağlı narahatlıq yaradır. Bununla yanaşı, problemlərin operativ şəkildə aradan qaldırılması, şəffaf məlumatlandırma və müştərilərin hüquqlarının qorunması etimadın bərpasında mühüm rol oynayır.
Azərbaycanda bank sisteminin dayanıqlılığını və müştəri vəsaitlərinin təhlükəsizliyini artırmaq üçün kibertəhlükəsizlik infrastrukturunun daha da gücləndirilməsi vacibdir. Banklar ehtiyat məlumat mərkəzləri və alternativ emal sistemləri yaratmalı, texniki nasazlıqlar zamanı xidmətlərin fasiləsizliyini təmin etməlidirlər. Müntəzəm təhlükəsizlik auditləri, stres testləri və risk qiymətləndirmələri aparılmalı, əməkdaşların kibertəhlükəsizlik üzrə hazırlığı artırılmalıdır. Eyni zamanda, müştərilərin məlumatlandırılması mexanizmləri təkmilləşdirilməli, fövqəladə hallarda kompensasiya və hüquqların müdafiəsi prosedurları daha aydın şəkildə müəyyənləşdirilməlidir. Bu addımlar həm maliyyə sabitliyinin möhkəmlənməsinə, həm də vətəndaşların bank sisteminə olan etimadının qorunmasına kömək edə bilər".
Zeynəb Mustafazadə