Aİ Qara dəniz və Cənubi Qafqazda nəqliyyat əlaqələrinin gücləndirilməsi üçün yeni platforma yaradıb
19:34 İqtisadiyyatAvropa Komissiyası Qara dəniz regionu və Cənubi Qafqaz vasitəsilə Avropa ilə Mərkəzi Asiya arasında əlaqələrin gücləndirilməsi məqsədilə "Konnektivlik Gündəliyi" platformasını istifadəyə verib.
Komissiyanın məlumatına əsasən, təşəbbüs çərçivəsində beynəlxalq maliyyə institutları ilə əldə olunan razılaşmalara əsasən, regionun nəqliyyat infrastrukturuna 2 milyard avroyadək investisiyanın cəlb olunması nəzərdə tutulur.
Avropa Komissiyasının məlumatına görə, platforma nəqliyyat, enerji, rəqəmsal əlaqələr və ticarət sahələrində investisiyaların və siyasət tədbirlərinin koordinasiyası üçün vahid çərçivə rolunu oynayacaq. Layihə çərçivəsində Transxəzər nəqliyyat dəhlizinin (TCTC) fəaliyyətinin gücləndirilməsi də prioritet kimi müəyyən edilib.
Avropa Komissiyasının genişlənmə üzrə üzvü Marta Kos bildirib: "Gərginliklərin artdığı bir dövrdə bir çox ölkənin ümumi layihə ətrafında birləşməsi sevindiricidir. Bizə etibarlı ticarət marşrutları lazımdır və Transxəzər dəhlizi məhz belə bir marşrutdur. Ticarət növbəti 15 ildə beş dəfə arta bilər".
Beynəlxalq tərəfdaşlıqlar üzrə komissar Jozef Sikela isə qeyd edib: "Bu investisiyalar sərhəd-keçid məntəqələrinin modernləşdirilməsinə, infrastrukturların inkişafına və ticarətin asanlaşdırılmasına xidmət edəcək. Məqsəd daha sürətli, etibarlı və güclü əlaqələr yaratmaqdır".
Dayanıqlı nəqliyyat üzrə komissar Apostolos Tzitzikostas isə vurğulayıb ki, güclü nəqliyyat şəbəkələri iqtisadiyyatın rəqabət qabiliyyəti üçün həlledici əhəmiyyət daşıyır və bu layihə həm Avropa, həm də tərəfdaş ölkələr üçün yeni iqtisadi imkanlar yaradacaq.