İqtisadi sahədə peşəkar biliklərə malik gənclərin yetişdirilməsi vacib şərtdir- ÖZƏL
10:21 İqtisadiyyat"Müasir dövrdə iqtisadi biliklərə malik, analitik düşünmə qabiliyyəti yüksək olan gənclərin yetişdirilməsi ölkələrin davamlı inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Qlobal iqtisadi proseslərin sürətlə dəyişdiyi bir dövrdə gənclərin iqtisadi savadlılığının artırılması və onların bu sahəyə marağının təşviq edilməsi strateji əhəmiyyət kəsb edir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib: "Gənclərin yalnız nəzəri bilikləri deyil, eyni zamanda onların tədqiqat aparmaq, iqtisadi prosesləri təhlil etmək, problemlərə həll yönümlü yanaşmaq və müasir çağırışlara uyğun düşünmək bacarıqlarının olması vacib şərtdir. Azərbaycan son illərdə iqtisadi inkişaf, sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun genişləndirilməsi və insan kapitalının gücləndirilməsi istiqamətində mühüm uğurlar əldə edib. Bu uğurların davamlı olması üçün iqtisadi sahədə peşəkar, bilikli və təşəbbüskar gənclərin yetişdirilməsi vacib şərtlərdən biridir.
İqtisadiyyat yalnız rəqəmlər və statistik göstəricilərdən ibarət deyil. İqtisadiyyat insanların rifahı, sosial inkişaf, məşğulluq, innovasiya və ölkənin gələcək inkişaf perspektivləri ilə birbaşa bağlı olan mühüm sahədir. Bu baxımdan gənclərin iqtisadi düşüncə tərzinin formalaşdırılması və onların bu sahədə fəallığının artırılması xüsusi önəm daşıyır.
Qeyd etmək istərdim ki, bu gün əldə olunan uğurlar gələcək nailiyyətlərin başlanğıcıdır. İnanıram ki, gənclərimiz gələcəkdə ölkəmizin iqtisadi inkişafına, sahibkarlıq mühitinin güclənməsinə və Azərbaycanın beynəlxalq rəqabət qabiliyyətinin artırılmasına öz töhfələrini verəcəklər".