Rusiya qaz kartını itirir? Ermənistan alternativ axtarışında- ÖZƏL

Ermənistan İctimai Xidmətlərin Tənzimlənməsi Komissiyasının sədri Mesrop Mesropyan bəyan edib ki, Rusiyadan qaz tədarükündə problem yaranarsa və ya qiymətlər qalxarsa, İrəvan alternativ təchizatçıları nəzərdən keçirəcək. O, potensial mənbələr kimi Azərbaycan, İran və Türkmənistanın adını çəkib.
Buna reaksiya verən rusiyalı ekspertlər isə iddia edirlər ki, Azərbaycan yalnız Gürcüstana qazı ucuz satır və Ermənistana güzəştli qiymət tətbiq etməyəcək. Bununla da Rusiya tərəfi proses başlamadan qiymət amili ilə müzakirələrə müdaxilə etməyə çalışır.
Mövzu ilə bağlı iqtisadçı ekspert Eldəniz Əmirov Olaylar.az-a açıqlama verib:
" Ümumiyyətlə, Ermənistanın illik qaz tələbatı o qədər də böyük deyil. Heç Türkmənistana ehtiyac olmadan da Azərbaycan İran vasitəsilə Rusiyanın ixrac etdiyi qazı Ermənistana əvəz edə bilər. Amma bu, təbii ki, bir neçə ay ərzində mümkün deyil. Müəyyən müddət tələb edir. Həm texniki cəhətdən uyğunlaşdırma, həm də hüquqi məsələlər var.
Digər tərəfdən, bütün hallarda inanmıram ki, Rusiya Ermənistana olan qaz ixracının həcmini dəyişmək və ya Ermənistanı itirmək istəsin. Çünki Rusiyanın Ermənistana qaz ixracını dayandırması Ermənistanın özündən çox Rusiyaya təsir edəcək. Ona görə ki, Rusiya Cənubi Qafqazda son dayaq nöqtəsi olan ölkəni itirmək təhlükəsi ilə üz-üzə qala bilər. Rusiyanın əsas təsir vasitələri iqtisadi faktorlardır və bu faktorlar arasında ilk sıralarda qaz dayanır.
Azərbaycanın Ermənistana qazı hansı qiymətə satması ilə bağlı razılaşma isə qısa zamanda həll olunacaq məsələ deyil. Bu, uzunmüddətli danışıqlar tələb edir. Çünki Gürcüstana qazın daha sərfəli qiymətlə satılmasının müəyyən səbəbləri var. Bu səbəblərdən biri də Azərbaycanın ixrac istiqamətində Gürcüstandan asılı olmasıdır. Azərbaycanın qaz kəmərləri bu ərazidən keçir. Gürcüstanın mövqeyi ondan ibarətdir ki, əgər kəmərlər onun ərazisindən keçirsə, qazı müəyyən edilmiş xüsusi qiymətlə almalıdır.
Bu gün artıq Zəngəzur dəhlizi açıldıqdan sonra digər qaz kəmərlərinin də həmin marşrutdan keçməsi və ya Ermənistanın da Gürcüstan kimi tranzit ölkəyə çevrilməsi halında qiymət amili fərqli formada formalaşa bilər.
Bütün hallarda bu gün konkret mövqe ortaya qoymaq, konkret rəqəm söyləmək mümkün deyil. Bunu zaman göstərəcək. Bu məsələ 5-6 digər şərtlərin və amillərin müzakirəsindən asılı olaraq dəyişə bilən faktordur".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31