Dünya ticarətinin yeni kəsişmə nöqtəsi: Azərbaycanın qlobal loqistika memarlığı – ÖZƏL
15:18 İqtisadiyyat"Azərbaycanın formalaşdırdığı nəqliyyat-kommunikasiya siyasətinə və eyni zamanda enerji təhlükəsizliyi ilə bağlı ortaya qoyduğu konsepsiyalara nəzər salsaq görərik ki, bunlar təkcə Azərbaycanın özü üçün deyil, həm region ölkələri, həm də qeyri-region dövlətləri üçün mühüm əhəmiyyət daşıyır".
Bu sözləri siyasi şərhçi Samir Hümbətov Olaylar.az-a açıqlamasında deyib: "Məsələn, məlumdur ki, hazırda dəniz yolları qlobal ticarətin əsas hissəsini öz üzərində daşıyır. Hörmüz boğazından dünya ticarət dövriyyəsinin və enerji daşımalarının əhəmiyyətli hissəsi keçir. Bu, beynəlxalq iqtisadiyyat üçün son dərəcə vacib bir məsələdir. Lakin gələcəkdə Azərbaycanın Orta Dəhliz vasitəsilə öz tranzit və logistika potensialını daha da inkişaf etdirməsi həm nəqliyyat-kommunikasiya əlaqələrinin sürətlənməsinə, həm qlobal ticarətin genişlənməsinə, həm də beynəlxalq yükdaşımaların daha səmərəli şəkildə həyata keçirilməsinə müsbət təsir göstərə bilər. Eyni zamanda bu proses Azərbaycanın maliyyə gəlirlərinin artmasına da ciddi dəstək verəcək. Bu baxımdan Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb nəqliyyat qovşaqlarını inkişaf etdirməsi həm də qeyri-neft sektorunun inkişafına mühüm töhfə verəcək. Çünki ölkə iqtisadiyyatının uzun müddət yalnız neft gəlirlərindən asılı şəkildə inkişaf etməsi mümkün deyil. Artıq qeyri-neft sektorunun ümumi iqtisadiyyatda payının artırılması vacib məsələ kimi ortaya çıxır. Görünən odur ki, hökumət də bu istiqamətdə müəyyən addımlar atır. Bu sahədə uğur əldə etmək üçün isə ilk növbədə Azərbaycanın nəqliyyat, kommunikasiya və logistika imkanlarının daha da genişləndirilməsi vacibdir.
Ekspert bildirib ki, enerji sahəsində də müəyyən dəyişikliklər baş verir. Ənənəvi enerji mənbələri ilə yanaşı, alternativ və bərpa olunan enerji resurslarından istifadənin genişləndirilməsi də ölkənin iqtisadi və enerji təhlükəsizliyinə əlavə töhfələr verə bilər. Bütün bunları nəzərə alaraq qısa şəkildə qeyd etmək olar ki, Azərbaycanın bu istiqamətdəki potensialı getdikcə artır. Bu, bir günün, bir ilin və ya qısa müddətin nəticəsi deyil. Söhbət uzunmüddətli strateji hədəflərdən gedir və həmin strategiyalar uğurla həyata keçirilərsə, bu, həm Azərbaycanın təhlükəsizliyinə, həm regionun inkişafına, həm də qlobal iqtisadi və enerji təhlükəsizliyinə müsbət təsir göstərə bilər. Çünki Azərbaycanın yerləşdiyi coğrafi mövqe beynəlxalq nəqliyyat, enerji və təhlükəsizlik baxımından xüsusi əhəmiyyətə malikdir. Məhz buna görə də həyata keçirilən layihələr və formalaşdırılan strategiyalar gələcəkdə həm ölkə, həm region, həm də beynəlxalq əməkdaşlıq üçün mühüm və müsbət nəticələr verə bilər.
Səidə Ramazanova