16 ölkəyə qaz, dünyaya açılan yollar: Azərbaycanın strateji yüksəlişi- ÖZƏL

Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısında bildirib ki, Azərbaycan açıq dənizə çıxışı olmayan ölkədən beynəlxalq daşımalar qovşağına çevrilməyi hədəfləyir. Onun sözlərinə görə, ölkə hazırda 16 dövlətə təbii qaz ixrac edir və bu coğrafiya genişlənməkdə davam edir. Prezident həmçinin qeyd edib ki, Azərbaycan ölkə daxilində və xaricdə iri infrastruktur layihələrinə böyük sərmayələr yatırır.

Azərbaycanın beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilməsi regiondakı geosiyasi mövqeyinə necə təsir göstərə bilər? Enerji ixracı ilə yanaşı, nəqliyyat dəhlizlərinin inkişafı Azərbaycanın beynəlxalq əhəmiyyətini hansı istiqamətlərdə artıra bilər?
Mövzu ilə bağlı "Müasir İnkişaf" İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü Olaylar.az-a açıqlama verib:
" Azərbaycan dünyanın mühüm nəqliyyat marşrutlarının üzərində yerləşən ölkələrdən biri kimi logistika sahəsində çox önəmli mövqeyə malikdir. Xüsusilə Qarabağ zəfərindən sonra Azərbaycanın regional əhəmiyyəti, həyata keçirə biləcəyi layihələr və beynəlxalq nəqliyyat sisteminə verə biləcəyi töhfələr daha da artıb. Bu gün Azərbaycan getdikcə daha geniş miqyasda nəqliyyat-logistika qovşağına çevrilir.
Zəngəzur dəhlizi layihəsi də bu istiqamətdə ölkənin əhəmiyyətini daha da gücləndirən amillərdən biridir. Eyni zamanda Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizində və Şərq-Qərb Orta Dəhliz layihəsində oynadığı rol onun strateji mövqeyini daha da artırır.
Təbii ki, mühüm nəqliyyat marşrutlarının üzərində yerləşən başqa ölkələr də var. Onların da coğrafi mövqeyi kifayət qədər əlverişlidir. Lakin təkcə əlverişli coğrafi mövqeyə malik olmaq kifayət etmir. Həmin ölkə həm də etibarlı tərəfdaş kimi tanınmalıdır. Bəzi hallarda siyasi və ya hərbi səbəblər nəqliyyat əlaqələrinin pozulmasına gətirib çıxarır. Məsələn, müharibə və ya siyasi gərginliklər səbəbindən müəyyən ölkələr tranzit imkanlarını məhdudlaşdıra və ya marşrutların fəaliyyətinə mane ola bilirlər. Bu isə həmin marşrutlardan istifadə edən ölkələrin iqtisadiyyatına mənfi təsir göstərir.
Yaxın dövrdə İran və İsrail arasında yaşanan qarşıdurma zamanı da bunun müəyyən nümunələrini gördük. Həmin dövrdə Azərbaycan hava məkanı üzərindən uçuşların sayı əhəmiyyətli dərəcədə artmışdı. Bir çox aviaşirkətlər məhz Azərbaycan hava məkanından istifadə etməyə üstünlük verirdilər. Bu isə Azərbaycanın etibarlı tərəfdaş və sabit tranzit ölkəsi kimi nüfuzunu bir daha nümayiş etdirdi.
Deməli, məsələ yalnız nəqliyyat marşrutlarının üzərində yerləşməkdən ibarət deyil. Əsas məsələ üzərinə düşən öhdəlikləri yerinə yetirən, beynəlxalq tərəfdaşlar tərəfindən etibar olunan dövlət olmaqdır. Azərbaycan bu baxımdan özünü etibarlı tərəfdaş kimi təsdiqləyib və nəqliyyat-logistika sahəsində üzərinə düşən vəzifələri yüksək səviyyədə yerinə yetirir. Ölkənin əlverişli geosiyasi mövqeyi də bu prosesə əlavə üstünlüklər qazandırır və Azərbaycanın regional əhəmiyyətini daha da artırır".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31