Qlobal ticarətin marşrutunda Azərbaycan: Strateji mövqedən yeni imkanlara- ÖZƏL

"Azərbaycanın beynəlxalq nəqliyyat və logistika qovşağına çevrilməsi ölkənin regiondakı geosiyasi əhəmiyyətini daha da artırır. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının kəsişməsində yerləşən Azərbaycan yükdaşımaların və ticarət əlaqələrinin mühüm iştirakçısına çevrilə bilər. Bu isə ölkənin regional və qlobal iqtisadi proseslərdə rolunu gücləndirməklə yanaşı, onun strateji əhəmiyyətini də artırır.
Nəqliyyat və logistika imkanlarının genişlənməsi Azərbaycanın tərəfdaş ölkələr üçün etibarlı tranzit mərkəzi kimi mövqeyini möhkəmləndirə bilər. Bu vəziyyət ölkəyə həm iqtisadi dividendlər qazandırır, həm də beynəlxalq münasibətlərdə əlavə təsir imkanları yaradır. Tranzit daşımalarından əldə olunan gəlirlərin artması iqtisadiyyatın şaxələndirilməsinə və enerji sektorundan asılılığın azalmasına da töhfə verə bilər".

Bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli Olaylar.az-a açıqlamasında söyləyib:

"Enerji ixracı ilə yanaşı, nəqliyyat dəhlizlərinin inkişafı Azərbaycanın beynəlxalq əhəmiyyətini bir neçə istiqamətdə artırır. İlk növbədə ölkə Avropa ilə Asiya arasında ticarət əlaqələrinin mühüm həlqəsinə çevrilir. Bundan əlavə, logistika infrastrukturu xarici investisiyaların cəlb edilməsinə, sənaye və xidmət sektorlarının inkişafına şərait yaradır. Eyni zamanda, beynəlxalq nəqliyyat layihələrində iştirak Azərbaycanın regional əməkdaşlıq proseslərində rolunu gücləndirir və onu müxtəlif iqtisadi və siyasi platformalarda daha vacib tərəfdaşa çevirir.
Bu baxımdan nəqliyyat dəhlizlərinin inkişafı təkcə iqtisadi deyil, həm də geosiyasi baxımdan Azərbaycanın mövqelərinin möhkəmlənməsinə xidmət edir və ölkənin beynəlxalq əhəmiyyətini enerji ixracından kənar sahələrdə də artırır".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31