İqtisadi inkişafın təməlində investorların islahatlara etimadı dayanır- ÖZƏL
10:09 İqtisadiyyat"İqtisadi inkişaf strategiyalarının təməlində dayanan əsas sütun cəmiyyətin və investorların islahatlara etimadıdır". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Zaur İbrahimli deyib: "Tarixi təcrübə göstərir ki, II Dünya Müharibəsindən sonra Konrad Adenauerin rəhbərliyi altında Almaniyanın "sosial bazar iqtisadiyyatı"na keçidi və Cənubi Koreyada Park Çon Hi dövrünün iqtisadi sıçrayışı, islahatların dürüst və ədalətli şəkildə həyata keçiriləyinə dair güclü ictimai inam üzərində mümkün oldu. Bu inam uzunmüddətli kapital qoyuluşunu, hamının əlinin daşın altına qoymasını şərtləndirən ən başlıca şərt oldu.
Sinqapurda Li Kuan Yu və Çində Den Syaopin nümunələri isə bu etimadla yanaşı bacarıqlı idarəçilik və nəticəyönümlü icra qabiliyyətini önə çəkdi. Bu təcrübələrdə islahatların doğru aparıldığına dair ictimai inam formalaşdırıldı və dövlət aparatının yüksək səmərəli işi təmin edildi. Etimad əsas kapitala çevirildi. Kapital sahibləri inandılar ki, real və dürüst islahatlar həyata keçirilir. İdarəçilikdəki dürüstlük, bacarıqlı icra etimad yaratdı. Almaniya, Koreya, Sinqapur və Çin kimi uğurlu nümunələrdə görürük ki, siyasi elita özünün strateji baxışını, icra etmək qabiliyyəti və dürüstlüyünə inandıra bildikdə nailiyyətlər əldə edir".