Azərbaycan 2026-2027-ci illər üzrə IOTA İcraiyyə Şurasında yenidən təmsil olunacaq
18:50 İqtisadiyyatMacarıstanın paytaxtı Budapeşt şəhərində Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) 30-cu Baş Assambleyası keçirilib.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən (DVX) məlumat verilib.
Məlumata görə, iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərlinin rəhbərlik etdiyi nümayəndə heyəti Assambleya çərçivəsində keçirilmiş inzibati sessiyada iştirak edib.
Baş Assambleyanın inzibati sessiyasında Macarıstan Milli Vergi və Gömrük Administrasiyasının rəhbəri vəzifələrini icra edən, rəhbər müavini xanım Şila Tamas çıxış edib. Macarıstanın 2025-2026-cı illər üzrə prezidentliyi barədə məlumat verən Şila Tamaş bu zaman çərçivəsində görülmüş işlər və əldə edilmiş nəticələr barədə danışıb. Sonra IOTA-nın cari və ortamüddətli perspektivdə fəaliyyətini əhatə edən sənədlər səsvermə yolu ilə təsdiq edilib.
İştirakçılar Təşkilatın strateji prioritetləri, idarəetmə məsələləri, 2027-ci il büdcəsi və 2027-ci il üzrə IOTA İş Proqramı barədə müzakirələr aparıblar.
Baş Assambleyanın inzibati sessiyasında 2026-2027-ci illər üzrə IOTA-nın prezidenti vəzifəsinə Şimali Makedoniya Dövlət Gəlirləri İdarəsinin Baş Direktoru Elena Petrova təyin edilib. Sessiya çərçivəsində IOTA İcraiyyə Şurasına üzvlərin seçilməsi məqsədilə səsvermə də keçirilib. Səsvermə nəticəsində Azərbaycan Respublikası İcraiyyə Şurasına 2026-2027-ci illər üzrə üzv seçilib. Qurumun prezidentliyini həyata keçirən Şimali Makedoniya Dövlət Gəlirləri İdarəsi İcraiyyə Şurasına sədrlik edəcək.
Bununla yanaşı, Baş Assambleyanın inzibati sessiyası çərçivəsində Rəhbərlər Paneli keçirilib. Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Rəhbərlər Panelində panelist qismində iştirak edib. Müzakirələr zamanı IOTA-nın gələcək fəaliyyət istiqamətləri, qarşıdakı illərdə vergi administrasiyalarının üzləşəcəyi çətinliklər, üzv vergi administrasiyaları arasında praktiki əməkdaşlığın daha da gücləndirilməsi, təcrübə və bilik mübadiləsinin təşviqi, habelə təşkilatın bu istiqamətlərdə gələcək rolu və prioritetləri ətrafında fikir mübadiləsi aparılıb.