AYİB dekarbonizasiya ilə bağlı layihəni təsdiqlədi
18:46 İqtisadiyyatAvropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Türkiyədə karbonun tutulması, istifadəsi və saxlanması (CCUS) sahəsində əlverişli mühitin formalaşdırılmasına yönəlmiş texniki dəstək layihəsini təsdiqləyib.
AYİB-in məlumatına görə, layihə Türkiyənin 2053-cü ilə qədər xalis sıfır istixana qazı emissiyalarına nail olmaq məqsədinə dəstək vermək üçün həyata keçiriləcək.
Qeyd olunur ki, Türkiyənin 2053-cü il üzrə Uzunmüddətli İqlim Strategiyasına əsasən, ölkənin ümumi emissiyalarının 24,2 faizi sənaye sektorunun payına düşür. Eyni zamanda bildirilir ki, Avropa İttifaqının Karbon Sərhəd Tənzimləmə Mexanizminin (CBAM) tətbiqi Türkiyə sənayesi qarşısında əlavə çağırışlar yaradır.
"Bu şəraitdə karbonun tutulması, istifadəsi və saxlanması texnologiyaları (CCUS) Türkiyənin sənaye sektorunun dekarbonizasiyası strategiyasının əsas elementlərindən biri kimi qiymətləndirilir. Xüsusilə sement sənayesində bu texnologiyanın tətbiqi karbon neytrallığına nail olmaq üçün mühüm əhəmiyyət daşıyır. Hesablamalara görə, sektorda karbon neytral istehsala keçid üçün tələb olunan 29,8 milyard ABŞ dolları həcmində investisiyanın təxminən 27 milyard dolları məhz CCUS texnologiyalarına yönələcək.
Bununla belə, Türkiyədə hazırda CCUS layihələrinin inkişafını dəstəkləyən hərtərəfli hüquqi və tənzimləyici çərçivə mövcud deyil. Layihələrin icrası üçün icazə mexanizmləri, karbon anbarlarının xarakteristikası və məsuliyyət qaydaları, CO₂ nəqli şəbəkələrinin tənzimlənməsi, monitorinq və yoxlama standartları, eləcə də investisiyaların təşviqi mexanizmləri üzrə boşluqlar qalmaqdadır.
Bu səbəbdən Türkiyə hökuməti, Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişiklikləri Nazirliyinin nəzdində fəaliyyət göstərən İqlim Dəyişikliyi İdarəsi vasitəsilə AYİB-dən dəstək istəyib. Bankın təqdim etdiyi maraq ifadəsindən sonra Türkiyə hökuməti CCUS sahəsində əlverişli mühitin yaradılması üzrə tərəfdaş kimi AYİB-i seçib", - məlumatda vurğulanıb.
Bildirilib ki, layihə dörd əsas mərhələdən ibarət olacaq: "Bunlara CCUS üzrə hüquqi və tənzimləyici bazanın təhlili, sənaye klasterləri və CCUS mərkəzləri üzrə bazar araşdırmasının aparılması, Türkiyə üçün Milli CCUS Strategiyasının hazırlanması və yüksək emissiyaya malik iki sement zavodunda CCUS tətbiqi üzrə ilkin texniki-iqtisadi əsaslandırmaların işlənməsi daxildir.
AYİB layihənin icrası çərçivəsində Türkiyə hökumətinə məsləhət xidmətləri göstərəcək beynəlxalq məsləhətçi şirkətin seçilməsini planlaşdırır.
Layihənin əsas məqsədi Türkiyədə karbonun tutulması və saxlanması üzrə investisiyalar üçün hüquqi və institusional zəmin yaratmaq, investor etimadını artırmaq və ölkənin sənaye sektorunda, xüsusilə sement sənayesində dekarbonizasiya prosesini sürətləndirməkdir".
Qeyd edilib ki, texniki dəstək proqramı çərçivəsində ölkənin karbon saxlama potensialının qiymətləndirilməsi, prioritet sektor və pilot layihələrin müəyyənləşdirilməsi, sənaye emissiyalarının xəritələndirilməsi, karbon nəqli marşrutlarının təhlili və uzunmüddətli inkişaf yol xəritəsinin hazırlanması nəzərdə tutulur.
"Bununla yanaşı, seçilmiş sement müəssisələri üçün texniki, maliyyə, iqtisadi və ekoloji aspektləri əhatə edən texniki-iqtisadi əsaslandırmalar hazırlanacaq ki, bu da gələcək investisiya layihələrinin formalaşdırılmasına imkan verəcək", - məlumatda əlavə edilib.