Subsidiya mexanizmi daha da təkmilləşdiriləcək - Məcnun Məmmədov

Subsidiya mexanizmi, əlbəttə ki, yeni Dövlət Proqramının dəstəyi və cənab Prezidentin imzaladığı yeni fərmanlar əsasında daha da təkmilləşdiriləcək. Lakin bu təkmilləşdirmə paralel şəkildə digər islahatlarla birlikdə həyata keçiriləcək.

Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisin Aqrar siyasət komitəsində keçirilən "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"ndan irəli gələn vəzifələr barədə ictimai dinləmədə deyib.

Torpaqların konsolidasiyası məsələsinə gəldikdə isə, hər bir mütəxəssis təsdiqləyə bilər ki, torpaqların hazırkı parçalanmış vəziyyətində onların su ilə təmin olunması üçün suvarma şəbəkələrinin çəkilməsi dövlət üçün bəzən iki, hətta üç dəfə artıq investisiya xərci tələb edir. Konsolidasiya ilk növbədə məhz bu investisiya xərclərinin azaldılmasına xidmət edəcək.

İkinci olaraq, torpaq sahələrinin kompaktlaşdırılması istehsal vasitələrindən istifadənin səmərəliliyini artıracaq, torpaqdan daha effektiv istifadə imkanları yaradacaq. Üçüncü mühüm məqam isə bundan ibarətdir ki, bu proses həm koordinat problemlərinin aradan qaldırılmasına, həm də kadastr xəritələrinin dəqiqləşdirilməsinə xidmət edəcək. Eyni zamanda torpaqların daha da parçalanmasının və kiçilməsinin qarşısı alınacaq.

Bu çərçivədə torpaq sahələrinin su təminatı yaxşılaşdırılacaq, yeni yollar çəkiləcək və hər bir torpaq sahəsinin mütləq şəkildə yol çıxışı təmin ediləcək. Bu gün kənd yerlərində bir çox torpaq paylarına çatmaq üçün digər şəxslərin torpaq sahələrindən keçmək zərurəti yaranır ki, bu da müxtəlif mübahisələrə və problemlərə səbəb olur. Konsolidasiyanın məqsədi torpaqları sadəcə birləşdirərək iri təsərrüfat yaratmaq deyil, məhz bu kimi problemləri aradan qaldırmaq, aqrar istehsal üçün daha əlverişli şərait formalaşdırmaqdır.

Pilot layihədən başlamamızın əsas səbəbi də məhz bu prosesin Azərbaycanda ilk dəfə həyata keçirilməsidir. Türkiyə və Avropa ölkələrinin təcrübəsini öyrənərkən gördük ki, ilkin mərhələdə fermerlər müəyyən narahatlıqlar ifadə etsələr də, sonradan nəticələri gördükdən sonra bu yanaşmanın tərəfdarına çevrilirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31