Dövlət büdcəsinin xərcləri 93.2 faizi icra edilib
11:41 İqtisadiyyat"Dövlət büdcəsinin icraya dair hesabatı ölkəmizin 2025-ci ildə makroiqtisadi durumunun, dövlət büdcəsinin gəlir və xərclərinin icrasını, il ərzində dövlət borclanması sahəsində vəziyyəti səciyyələndirən zəruri məlumatları özündə əks etdirir. Bu məlumatlar o cümlədən ali maliyyə nəzarəti orqanının rəyi, büdcənin icra vəziyyətini geniş təhlil etməyə və qiymətləndirməyə imkan verir. Ötən dövr ərzində müdafiə və təhlükəsizlik, əhalinin sosial müdafiəsi, işğaldan azad edilmiş ərazilərin bərpası üzrə xərclərin maliyyələşdirilməsi prioritet istiqamətlər olaraq davam etdirilmişdir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov"Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib: "Büdcənin icrası 2025-ci ildə makroiqtisadi sabitliklə, xüsusilə də 1.4%-lik iqtisadi artımla, 5.6%-lik orta illik inflyasiya səviyyəsi ilə, cari hesablar üzrə tədiyyə balansının 3.5 milyard dollarlıq müsbət saldosu ilə müşayiət olunmuşdur. Strateji valyuta ehtiyatlarımız 85.1 milyard dollara çatmışdır. Hesabatın təhlili göstərir ki, gəlirlər proqnoz rəqəmlərini üstələmişdir. Belə ki, 2025-ci il üzrə dövlət büdcəsinin gəlirləri 39.2 milyard manat olmaqla proqnoza qarşı 829 milyon manat və ya 2.2% çox icra edilmişdir."
"Dövlət büdcəsinin xərcləri proqnozun 93.2 faizi həcmində və ya 38.6 milyard manat icra edilmişdir. Dövlət büdcəsi kəsirinin yuxarı həddi 3.1 milyard manat məbləğində təsdiq olunsa da, faktiki 580 milyon manat büdcə artıqlığı yaranmışdır. Xatırlatmaq istərdim ki, biz Milli Məclisdə 2025-ci ilin büdcə zərfini ölkəmizin iqtisadi inkişafına, əhalinin sosial rifahına və milli maraqlarımıza xidmət edən maliyyə sənədi kimi xarakterizə etmişdik. Və qeyd edə bilərik ki, ötən ilin büdcəsinin icrası bu meyarlara cavab vermişdir.
Digər bir tərəfdən də, 2025-ci ilin büdcəsinin icrası möhtərəm cənab Prezidentin mühüm strateji təşəbbüslərinin reallaşdırılması, dövlətin başlıca funksiyalarının ardıcıl yerinə yetirilməsi üçün etibarlı maliyyə təminatı yaratmışdı. Biz həmçinin, mart ayında hökumətin 2025-ci ildəki fəaliyyətinə dair hesabatı dinləmişdik. Və hökumətin fəaliyyəti parlament tərəfindən qənaətbəxş hesab edilmişdi. 2025-ci ilin büdcəsi də ötən ildə dövlətimizin, hökumətin müxtəlif sahələrdə əldə etdiyi uğurlara öz töhfəsini vermişdir".