2-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumu
11:20 İqtisadiyyat3 iyun 2026-cı il tarixində Bakı şəhərində yerləşən "Radisson Hotel Baku"da 2-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumu öz işinə başlamışdır. Forum "TransLogistica Caspian" - 23-cü Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika sərgisi çərçivəsində təşkil olunub.
Forumun builki əsas mövzularından biri nəqliyyat və logistika tədarük zəncirlərinin rəqəmsallaşdırılması, innovativ həllərin tətbiqi və müasir texnologiyaların sektora inteqrasiyasıdır. Bu gün rəqəmsallaşma və süni intellekt texnologiyalarının tətbiqi dövlətin xüsusi diqqət mərkəzindədir və ölkənin uzunmüddətli inkişaf strategiyasının mühüm istiqamətlərindən birini təşkil edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycanın yeni rəqəmsal arxitekturası" adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə qeyd etdiyi kimi, bu gün süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir:
"Ona görə rəqəmsallaşma, süni intellekt, data mərkəzlərinin yaradılması istiqamətində də bizim təşəbbüslərimiz ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafını təmin etməlidir. Bizim bir çox üstünlüklərimiz var. Onlardan biri bizim coğrafi vəziyyətimizdir. Bu, bizdən asılı olmayan üstünlükdür. Ancaq hər bir ölkənin coğrafi vəziyyəti onun xeyrinə, yaxud da ki, ziyanına işləyə bilər. Biz coğrafi vəziyyətimizi ölkəmizin inkişafına bağlamışıq və buna nail olmuşuq. Ona görə Asiya ilə Avropa arasında yerləşməyimiz, Şimal-Cənub dəhlizi üzərində yerləşməyimiz və yaradılmış mövcud infrastruktur bu üstünlüyü bizə təmin edir."
Məhz bu baxımdan keçirilən forum nəqliyyat və logistika sahəsində rəqəmsallaşdırma, innovativ texnologiyaların tətbiqi və beynəlxalq tranzit marşrutlarının inkişafı ilə bağlı aktual məsələlərin müzakirə olunduğu mühüm peşəkar platforma rolunu oynayır.
Forum çərçivəsində praktik təcrübə mübadiləsinə və konstruktiv dialoqa yönəlmiş "Nəqliyyat və logistika tədarük zəncirlərinin rəqəmsallaşdırılması və innovativ həllərin tətbiqi" və "Orta Dəhliz və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı və perspektivləri" mövzularında panel sessiyalar keçirilir. Sessiyaların sponsorları müvafiq olaraq "Food City AgroComplex" və "166 Global" şirkətləridir.
2-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda yerli məruzəçilərlə yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan və Litvadan olan xarici spikerlər də çıxış edirlər. Panel müzakirələri zamanı iştirakçılar logistika sahəsində rəqəmsal texnologiyaların tətbiqi, tranzit imkanlarının genişləndirilməsi, beynəlxalq əməkdaşlığın inkişafı və regionun nəqliyyat infrastrukturunun perspektivləri ilə bağlı fikir mübadiləsi aparılır. Sessiyalardan sonra geniş sual-cavab müzakirələri nəzərdə tutulub.
Qlobal logistika zəncirlərində baş verən dəyişikliklər, beynəlxalq ticarət marşrutlarının yenidən formalaşması və regionun tranzit potensialına artan maraq fonunda keçirilən forum dövlət qurumlarını, beynəlxalq təşkilatları, nəqliyyat-logistika şirkətlərini, sənaye assosiasiyalarını və sektorun aparıcı ekspertlərini bir araya gətirir. Tədbir iştirakçılar üçün təcrübə mübadiləsi, işgüzar dialoq və yeni tərəfdaşlıqların qurulması baxımından mühüm imkanlar təqdim edir.
Forum çərçivəsində yerli və xarici şirkətlər arasında işgüzar əlaqələrin genişləndirilməsinə xidmət edən B2B görüşlər, netvörkinq sessiyaları və peşəkar müzakirələr keçirilir. Tədbir nəqliyyat-logistika sektorunda fəaliyyət göstərən şirkətlər üçün yeni tərəfdaşlıqların qurulması, beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və biznes imkanlarının inkişafı baxımından əlverişli platformadır.
Foruma Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətləri Assosiasiyası (AGTL) dəstək göstərir.
Forumun təşkilatçısı Caspian Event Organisers şirkəti, həmtəşkilatçısı Azərbaycan Nəqliyyat Ekspeditor Şirkətləri Assosiasiyasıdır (FFAA).
Forumun rəsmi sığorta tərəfdaşı qismində PAŞA Sığorta çıxış edir.