Azərbaycanın gələcəyə hesablanmış inkişaf modeli-Özəl
15:09 İqtisadiyyat"Son illərdə Azərbaycanda həyata keçirilən genişmiqyaslı quruculuq və abadlıq işləri ölkənin müasir simasının formalaşmasına mühüm təsir göstərmişdir. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma layihələri "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarına əsaslanır". "Olaylar" xəbər verir ki, bunu YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov deyib: "Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələr həm milli-mədəni irsin qorunmasına, həm də ekoloji və dayanıqlı şəhərsalma prinsiplərinə uyğun şəkildə icra olunur. Bu isə Azərbaycanın gələcəyə hesablanmış inkişaf modelinin əsas istiqamətlərindən biridir.
Bakının müasir memarlıq siması da qədimliklə yeniliyin harmoniyasını əks etdirir. Paytaxtda həyata keçirilən layihələr şəhərin tarixi ruhunu qorumaqla yanaşı, onu dünyanın qabaqcıl şəhərlərindən birinə çevirmək məqsədi daşıyır. Müasir infrastruktur, yaşıllıq zonalarının genişləndirilməsi, nəqliyyat sisteminin yenilənməsi və sosial obyektlərin tikintisi Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi uğurların mühüm göstəriciləridir.
Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilməsi həm də Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanı olduğunu göstərdi. Forum çərçivəsində dayanıqlı şəhərlər, iqlim dəyişiklikləri, urbanizasiya və insan rifahı ilə bağlı mühüm məsələlər müzakirə olundu. Azərbaycanın bu tədbirə yüksək səviyyədə ev sahibliyi etməsi ölkəmizin qlobal problemlərin həllinə verdiyi töhfənin göstəricisi kimi qiymətləndirildi".