Dünya Bankı 2050-ci ilə qədər dünyada tullantıların həcminin 50 faiz artacağını proqnozlaşdırır

Baza ssenarisi üzrə dünyada tullantıların həcmi 2050-ci ilədək 50 faiz artacaq.

Olaylar.az xəbər verir ki, bunu Dünya Bankı Qrupunun şəhərsalma məsələləri üzrə aparıcı mütəxəssisinin müavini Avqustin Pyer Mariya Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu çərçivəsində təşkil olunan "Dövrənin bağlanması: dairəvi iqtisadiyyata keçid yolunda tullantıların idarə edilməsinin inkişafı" mövzusunda sessiyada deyib.

O, 2012-ci ildə əsası qoyulan və 2018-ci ildə davam etdirilən hesabatlar silsiləsinin üçüncü nəşri olan Dünya Bankının "What a Waste 3.0" adlı yeni məruzəsinin əsas nəticələrini təqdim edib. Sənəd tullantıların idarə olunması sektoru üzrə əsas qlobal məlumat mənbələrindən biri hesab olunur.

Mariyanın sözlərinə görə, tullantıların həcmində ən böyük artım orta gəlirli ölkələrdə gözlənilir - ildə əlavə təxminən 1 milyard ton.

"Bununla yanaşı, ən sürətli artım templəri aşağı gəlirli ölkələrdə, xüsusilə Saxaradan cənubda yerləşən Afrika ölkələri və Cənubi Asiyada proqnozlaşdırılır. Həmin ölkələr bu dəyişikliklərə ən az hazır olan regionlardır. Dünyada tullantıların təxminən üçdə biri ümumiyyətlə toplanmır və ya nəzarətsiz şəkildə atılır, digər üçdə biri poliqonlara göndərilir və yalnız üçdə biri təhlükəsiz şəkildə utilizasiya olunur. Aşağı gəlirli ölkələrdə tullantıların toplanma səviyyəsi təxminən 28 faiz təşkil edir, Saxaradan cənubda yerləşən Afrika ölkələrində isə tullantıların cəmi 7 faizi təhlükəsiz şəkildə utilizasiya edilir", - deyə o bildirib.

A.Mariya əlavə edib ki, tullantılar antropogen emissiyaların təxminən 20 faizini təşkil edən metanın ən böyük mənbələrindən biridir və dəyişikliksiz ssenari üzrə tullantılardan yaranan metan emissiyaları 40 faiz arta bilər.

Qeyd edək ki, bu gün Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) dördüncü günü keçirilib. BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilən forumun bugünkü proqramı urbanizasiya, iqlim dəyişiklikləri, inklüziv şəhər inkişafı, mənzil siyasəti və dayanıqlı idarəetmə mövzularına həsr olunub.Dördüncü gün çərçivəsində "Qeyri-rəsmi yaşayış məntəqələrinin və gecəqonduların transformasiyası", "İqlim və mənzil əlaqəsi", "Şəhərlərdən səslər: SPECA Şəhərlər Forumu", "Azərbaycanın mənzil təcrübəsi", "Şəhərlər oyun meydanı kimi", "Mədəni irsin yenidən düşünülməsi və inklüziv şəhər regenerasiyası", "Təmiz hava", "Əlilliyi olan şəxslər", "Parlamentarilər", "Tullantıların idarə olunmasının dairəvi iqtisadiyyata uyğun inkişafı" və "Şəhər iqlim irsinin inkişafı" mövzularında dialoqlar, xüsusi sessiyalar və dəyirmi masalar keçirilib.

Forum iştirakçıları urbanizasiya proseslərinin sosial inklüzivlik, yaşıl iqtisadiyyat və iqlim dayanıqlılığı prinsipləri əsasında inkişaf etdirilməsinin vacibliyini qeyd ediləcək. Sessiyalarda həmçinin şəhərlərin gələcək inkişafında innovativ həllər, təmiz enerji, dayanıqlı nəqliyyat və rəqəmsal texnologiyaların rolu geniş müzakirə olunacaq.WUF13-ün üçüncü günü də geniş tədbirlər proqramı ilə yadda qalıb. Həmin gün qlobal mənzil böhranı, təhlükəsiz və inklüziv şəhərlərin formalaşdırılması, iqlim dayanıqlılığı, süni intellekt və şəhər idarəçiliyi, yaşıl urbanizasiya, sosial bərabərlik və dayanıqlı nəqliyyat kimi mövzular ətrafında müzakirələr aparılıb.

Üçüncü gün çərçivəsində xüsusi diqqət çəkən hadisələrdən biri Azərbaycanın Şuşa şəhəri ilə Türkiyənin Trabzon şəhəri arasında qardaşlaşma haqqında memorandumun imzalanması olub.Sənədi Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Ahmet Metin Genç imzalayıblar.Memorandum iki şəhər arasında şəhərsalma, mədəniyyət, turizm və yerli idarəetmə sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.

Forumun ilk iki günü də yüksək səviyyəli tədbirlər və müzakirələrlə müşayiət olunub.İlk gün Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər toplantısı, nazirlərin dəyirmi masası, qadınlar və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhər rifahı ilə bağlı müzakirələr keçirilib. Eyni zamanda, BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi təşkil olunub.İkinci gün isə ilk dəfə təşkil edilən Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhər dayanıqlılığı ilə bağlı yüksək səviyyəli müzakirələr aparılıb. WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı da baş tutub və bu platforma Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq baxımından mühüm addım kimi qiymətləndirilib.

182 ölkədən 40 mindən artıq iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. "Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri" mövzusuna həsr olunmuş forum hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirərək dayanıqlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsinə xidmət edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31