Azərbaycan yaradıcı iqtisadiyyatın sənaye modelinə keçidi sürətləndirir - Rəşad Əzizov

Azərbaycan yaradıcı sənayelər sektorunun inkişafı və beynəlxalq əməkdaşlığın genişlənməsi fonunda daha dərin sənaye əsaslı inkişaf modelinə keçir.

Olaylar.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Kino Agentliyinin direktoru Rəşad Əzizov WUF13 Ümumdünya Şəhərsalma Forumu çərçivəsində keçirilən "UNESCO-nun Yaradıcı Şəhərləri və dayanıqlı şəhər inkişafı" mövzusunda panel sessiyada deyib.

"Burada olmaq və Ümumdünya Şəhərsalma Forumu çərçivəsində keçirilən bu mühüm tədbirdə iştirak etmək mənim üçün böyük şərəfdir", - deyə Azərbaycan Mədəniyyət Nazirliyinin nümayəndəsi bildirib.

O, forumun Bakıda keçirilməsinin və dünyanın müxtəlif yaradıcı şəhərlərindən nümayəndələrin iştirakının əhəmiyyətini vurğulayıb.

"Bu iri tədbirə ev sahibliyi etmək və burada Bakıda dünyanın müxtəlif yaradıcı şəhərlərindən nümayəndələri görmək bizim üçün böyük sevincdir. Bu forum onların təcrübə mübadiləsi aparmasına imkan yaradır", - deyə R.Əzizov qeyd edib.

Onun sözlərinə görə, yaradıcı iqtisadiyyatın inkişafı ölkənin əsas prioritet istiqamətlərindən birinə çevrilib.

Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.

Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.

"Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri" mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.

Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31