Mədəniyyət və yaradıcılıq dünya iqtisadiyyatının güclü hərəkətverici qüvvəsidir - Baks
19:22 İqtisadiyyatYaradıcı sənayelər dünya iqtisadiyyatında və əhalinin məşğulluğunda mühüm rol oynayır.
Olaylar xəbər verir ki, bunu UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinin katibi Denis Baks WUF13 Ümumdünya Şəhərsalma Forumu çərçivəsində keçirilən "UNESCO-nun Yaradıcı Şəhərləri və dayanıqlı şəhər inkişafı" mövzusunda panel sessiyada çıxışında deyib.
Baks qeyd edib ki, mədəni və yaradıcı sənayelər qlobal ÜDM-nin 3,4 faizindən çoxunu və məşğulluğun təxminən 3,6 faizini təmin edir, bu sahələrin əhəmiyyətli hissəsi isə şəhərlərdə cəmləşib.
Onun sözlərinə görə, bu sektorlar şəhərsalma və mənzil inkişafı siyasətinə daxil edildikdə, yalnız iqtisadi artımın hərəkətverici qüvvəsinə deyil, həm də dayanıqlılıq, imkanların genişləndirilməsi və əhalinin sosial dəstəyi mənbəyinə çevrilir.
Qeyd edək ki, bu gün Bakıda WUF13-ün üçüncü günü keçirilir.
Forumun ilk günündə Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, biznes sessiyaları və şəhərlərin rifahı ilə bağlı müzakirələr baş tutub. Forum çərçivəsində həmçinin BMT və Azərbaycan bayraqlarının qaldırılması mərasimi keçirilib.
Forumun ikinci günü ilk dəfə təşkil olunan Liderlər Sammiti ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərlərin dayanıqlılığına həsr olunmuş yüksək səviyyəli müzakirələr keçirilib. Eyni zamanda, WUF13 çərçivəsində Mexiko şəhərinin pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib.
182 ölkədən 40 mindən çox iştirakçının qeydiyyatdan keçdiyi WUF13 mayın 22-dək davam edəcək. "Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri" şüarı ilə keçirilən forum şəhərlərin dayanıqlı inkişafı sahəsində qlobal əməkdaşlığın gücləndirilməsi məqsədilə hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirir.