Vətəndaşları şəxsi avtomobillərdən ictimai nəqliyyata yönəltmək tənqid olunsa da, yollarda yüklənməni azaltdı - Nazir

Bakıda şəhər mobilliyi və ictimai nəqliyyatın transformasiyası da məhz məqsədyönlü yanaşma ilə başlayıb.

Trend xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda WUF13 çərçivəsində keçirilən "Şəhərlər bağlantılılığın mərkəzində: Şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusunda tədbirdə deyib.

Nazir bildirib ki, ilk mərhələdə əsas sual layihə deyil, hədəf olub:

"Yəni, vətəndaşları şəxsi avtomobillərdən ictimai nəqliyyata necə yönləndirmək. Bu yanaşma o dövrdə tənqid olunsa da, nəticədə şəhər yollarında yüklənmənin azalmasına gətirib çıxarıb.

Məsələn, taksi sayının 67 min səviyyəsindən təxminən 20 minə endirilməsi sosial problemi həll etməklə yanaşı, xidmət keyfiyyətini və təhlükəsizliyi də artırıb. Sürücülərin iş rejimi normallaşdırılıb və artıq daha idarəolunan sistem formalaşıb.

Eyni zamanda mikromobillik - velosipedlər, skuterlər və piyadalar üçün infrastruktur - şəhər həyatının mühüm hissəsinə çevrilib. Bütün bunlar ətraf mühit və karbon emissiyalarına təsiri də nəzərə alınaraq planlaşdırılıb".

Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.

Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.

"Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri" mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.

Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31