Şəhərlərin inkişafı da, boşalması da iqtisadi amillərlə bağlıdır- ÖZƏL

"COP29-da əsas mövzulardan birincisi iqlim dəyişiklikləri və ətraf mühitin qorunması üçün maliyyə imkanlarının artırılması və maliyyə vəsaitlərinin ayrılmasının artırılması idi. Yəni, ekoloji məsələlər, ətraf mühitin qorunmasının əsasında əslində maliyyə, iqtisadiyyat durur. Elə ətraf mühiti də sənayenin, iqtisadiyyatın ayrı-ayrı sahələrinin korlamasını nəzərə alsaq iqtisadiyyat burada həm günahkardır, həm də xilasedici rolundadır. COP29 dövründə bu fikri daha geniş səsləndirdiyim üçün təkrara yol vermədən bu günə keçək". "Olaylar" xəbər verir ki, bunu iqtisadçı ekspert Elman Sadıqov deyib: "Eyni fikri WUF13 forumuna da tam olaraq şamil etmək olar. Bu gün şəhərlərin inkişafı və genişlənməsi də, zəifləməsi, boşalması və hətta tarixə qovuşması da iqtisadi amillərlə bağlıdır. WUF13-ün əsas mövzularından biri mənzil təminatı və mənzil əlçatanlığıdır. Həm mənzillərin tikilməsi, həm də alıcı tərəfindən alınması prosedurları (istər nağd, istər ipoteka) maliyyə və iqtisadi imkanlarla birbaşa əlaqəlidir. 
Şəhərsalma və iqtisadiyyat arasındakı digər sıx əlaqələrdən biri də şəhərlərin inkişafı ilə ölkənin iqtisadi inkişafı arasındakı müsbət korelyasiyadır. Yəni, ölkə iqtisadiyyatı nə qədər inkişaf edərsə şəhərlər də bir o qədər inkişaf edər. 
Digər bir məsələ isə şəhərdə demoqrafik vəziyyətlə şəhərlərin inkişafı arasındakı əlaqədir. Burada isə mənim araşdırmalarıma görə yüksək müsbət korelyasiya yoxdur. Bir tərəfdə yüksək inkişaf etmiş və əhalisi çox olan London, New York, Tokio, Seul, digər tərəfdə Hindistan, Pakistan, Banqladeşin, Latın Amerikası ölkələrinin çoxsaylı əhaliyə malik şəhərləri, Misirin paytaxtı Qahirə,  və sair.Bir şəhərin kəmiyyət baxımından artımı və genişlənməsi ilə keyfiyyət parametrləri üzrə dayanıqlı inkişafı tamamilə fərqli məsələlərdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31