Şəhərsalmada ətraf mühit amillərinin infrastruktura təsiri nəzərə alınır - Nazir müavini

Fövqəladə Hallar Nazirliyi genişmiqyaslı erkən xəbərdarlıq sistemləri təşəbbüslərini dəstəkləyir.

Trend xəbər verir ki, bunu Fövqəladə Hallar nazirinin müavini Cəbrayıl Xanlarov WUF13 çərçivəsində keçirilən "Erkən xəbərdarlıq sistemləri və iqlim dayanıqlı şəhərlər" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, ictimai maarifləndirmə, yerli səviyyədə fəlakət risklərinin planlaşdırılması və icra olunması, eləcə də kommunikasiya sistemlərinin təşkili mühüm əhəmiyyət daşıyır:

"İqlimə dayanıqlı şəhərlərin inkişafı və infrastrukturun iqlim dəyişikliklərinə uyğunlaşdırılması əsas prioritetlərdəndir. Ərazi planlaşdırma sənədlərinin hazırlanması, layihələndirmədə optimallıq və şəhər infrastrukturunun iqlimə dayanıqlı şəkildə qurulması vacib amillərdəndir. Tikinti və şəhərsalma fəaliyyətinin hər mərhələsində ətraf mühit amillərinin şəhər infrastrukturuna təsiri nəzərə alınır. Təbii fəlakətlərin təsirinin azaldılması və şəhərlərin ekoloji amillərə dayanıqlılığının artırılması üçün bir sıra vacib tədbirlər həyata keçirilməlidir. Enerji səmərəli işıqlandırma və istilik sistemlərindən istifadə, su təchizatı infrastrukturunun inkişafı, tikinti sahəsində mütəxəssislərin iqlim dəyişikliyi barədə maarifləndirilməsi, bərpa olunan enerji mənbələrindən istifadə və "ağıllı şəhər" konsepsiyası əsasında bina və qurğuların iqlim dayanıqlılığının artırılması istiqamətində FHN tərəfindən ciddi işlər aparılır. Bütövlükdə erkən xəbərdarlıq sistemlərinin təşkili və şəhərlərin iqlim dayanıqlılığında birgə əməkdaşlıq vacibdir", - o qeyd edib.

Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.

Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.

"Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri" mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.

Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31