Slovakiya köhnə binaların modernləşdirilməsinin tərəfdarıdır - Tomaş Taraba

Slovakiya yaşayış xərclərini azaltmaq üçün köhnə binaların modernləşdirilməsinin tərəfdarıdır.

Bunu Slovakiya Respublikasının Baş nazirinin müavini və ətraf mühit naziri Tomaş Taraba Bakıda keçirilən WUF13-də liderlərin bəyanatı zamanı bildirib.

"Ölkəmizdə əhalinin təxminən 55 faizi fərdi evlərdə yaşayır. Onların bir çoxu onilliklər əvvəl tikilib və hazırda modernləşdirməyə ehtiyac duyur. Buna görə də məqsədimiz insanların mümkün qədər aşağı yaşayış xərclərinin təmin etməkdir", - deyə Taraba bildirib.

O əlavə edib ki, Slovakiya bu çətinliyi bütün ölkələr üçün aktual hesab edərək köhnə binaların modernləşdirilməsini fəal şəkildə dəstəkləyir.

Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.

Tədbirin proqramı mənzil təminatı məsələsi kimi dünyanın ən aktual problemlərindən birinin müzakirəsi üçün müxtəlif maraqlı tərəfləri və həmfikir qrupların nümayəndələrini bir araya gətirir.

"Hamı üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məntəqələri" mövzusuna həsr olunmuş WUF13 tədbiri dünyanın müxtəlif ölkələrinin milli hökumətlərini, eləcə də icmaları, mütəxəssisləri və tərəfdaşları fikir mübadiləsi aparmaq, siyasi yanaşmalar formalaşdırmaq və dayanıqlı şəhər inkişafı sahəsində həll yollarının tapılması istiqamətində fəaliyyəti sürətləndirmək üçün bir araya gətirir.

Proqram praktiki və həll yönümlü platformalar, həmçinin interaktiv görüş formatları vasitəsilə yüksək səviyyəli müzakirələrin aparılması üçün imkan yaradır və qlobal siyasətin yerli təcrübəyə əsaslanmasını təmin edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31