Enerji bazarlarında gərginlik: Azərbaycan üçün həm qazanc, həm də bahalaşma riski – ÖZƏL
17:28 İqtisadiyyat"Hörmüz boğazının mümkün blokadası birmənalı şəkildə təklif şoku yaradır və bu da qiymətlərin artmasına səbəb olur. Təbii ki, enerji qiymətlərinin, xüsusilə də neftin bahalaşması ölkəmizə müsbət təsir göstərir. Belə ki, neftin qiymətində hər 10 dollarlıq artım təxminən 1,7 milyard dollar həcmində əlavə valyuta daxilolmasına səbəb olur. Eyni zamanda bu artım dövlət büdcəsinə də müsbət təsir edir və təxminən 400 milyon manat əlavə gəlir formalaşdırır".
Bu fikirləri Olaylar.az-a açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib. İqtisadçının sözlərinə görə, uzunmüddətli perspektivdə vəziyyət daha mürəkkəb xarakter alır. Təchizat zəncirində yaranan qırılmalar nəticə etibarilə ciddi problemlərə yol açır. Qlobal bazarlarda bu cür pozuntular və enerji qiymətlərinin artması inflyasiyanın yüksəlməsinə səbəb olur. İnflyasiyanın artması isə Azərbaycan bazarına da mənfi təsir göstərir. Çünki Azərbaycan iqtisadiyyatı böyük ölçüdə idxaldan asılıdır və qlobal inflyasiyanın artması ölkə daxilində qiymətlərin yüksəlməsi ilə nəticələnir. Başqa sözlə, qlobal enerji böhranı uzunmüddətli dövrdə Azərbaycan üçün o qədər də əlverişli hesab edilmir.
İqtisadçı bildirib ki, mənfi təsirləri müəyyən qədər kompensasiya edən bir amil də mövcuddur. Bu, ölkəyə daxil olan valyuta axınının artmasıdır. Azərbaycanın ənənəvi enerji resursları hesabına əldə etdiyi gəlirlər valyuta ehtiyatlarının artmasına səbəb olur. Bu isə öz növbəsində həm maliyyə sabitliyinə, həm də ümumi iqtisadi dayanıqlılığa xidmət edir. Nəticə etibarilə, qısamüddətli dövrdə təsirlər nisbətən müsbət qiymətləndirilə bilər, lakin uzunmüddətli perspektivdə həm müsbət, həm də mənfi təsirlər paralel şəkildə özünü göstərir.
Səidə Ramazanova