"Turizmdə maarifləndirmə iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsidir" – ÖZƏL
14:38 İqtisadiyyatAzərbaycan Turizm Bürosu 20-22 aprel tarixlərində Almaniyanın Vürzburq, Frankfurt və Trir şəhərlərində ölkəmizin turizm imkanlarını təqdim edib. Tədbirlərdə 100-dən çox turizm şirkəti və turoperator iştirak edib, Azərbaycan ilboyu turizm istiqaməti kimi tanıdılıb. Şəhər turları, mədəni turizm, İpək Yolu irsi, dağ yürüşləri və qış turizmi barədə məlumat verilib, B2B görüşlər keçirilib. Bu təşəbbüs Almaniya bazarında əməkdaşlıq imkanlarının genişlənməsi və Azərbaycanın turizm mövqeyinin güclənməsi baxımından əhəmiyyətli olub. 2026-cı ilin ilk üç ayında Almaniyadan Azərbaycana səfərlər 76,5% artaraq 5 024 nəfərə çatıb.
Mövzu ilə bağlı Olaylar.az-a danışan iqtisadçı ekspert Razi Abbasbəyli bildirib ki, belə sərgilərin keçirilməsi Azərbaycanın turizm potensialının təbliği və ölkəmizə turistlərin cəlb olunması baxımından olduqca əhəmiyyətlidir. Turizm menecmentində ən vacib amillərdən biri məhz maarifləndirmə, yəni ölkələrin turizm imkanlarının tanıdılması istiqamətində atılan addımlardır. Bu, dünyada qəbul olunmuş turizm iqtisadiyyatının əsas istiqamətlərindən biridir. Azərbaycan bu cür tədbirləri Avropanın digər ölkələrində də daha geniş şəkildə həyata keçirməlidir. Xüsusilə də Qədim Şərq mədəniyyəti, Azərbaycanın yerləşdiyi coğrafi mövqe, eləcə də regionun zəngin tarixi-mədəni irsi Avropa turistləri üçün hər zaman cəlbedici olub. Şərq mədəniyyətinin əsas elementləri - milli ornamentlər, adət-ənənələr və maddi-mədəni sərvətlər xüsusilə Avropa auditoriyası üçün maraq doğurur.
İqtisadçının sözlərinə görə, bu potensialın daha geniş tanıdılması istiqamətində hələ də görüləsi işlər çoxdur. Məsələn, Almaniyadan Azərbaycana turist axınında artım müşahidə olunsa da, bu artımı düzgün qiymətləndirmək vacibdir. Qeyd olunan təxminən 75 faizlik artım əvvəlki illərlə müqayisədə nəzərəçarpan görünsə də, əvvəlki dövrlərdə turist sayının çox aşağı olması səbəbindən bu göstərici böyük baza üzərində formalaşmayıb. Yəni artım faktiki olaraq kiçik rəqəmlərin nisbətən yüksəlməsi kimi dəyərləndirilə bilər. Azərbaycanın həm zəngin tarixi-mədəni irsi, həm əlverişli coğrafi mövqeyi, həm də Şərq və Qərb mədəniyyətlərini birləşdirən nadir məkan kimi çıxış etməsi ölkənin turizm potensialını artırmaq üçün mühüm üstünlüklər yaradır.
"İnfrastruktur baxımından isə bir sıra vacib istiqamətlər üzrə addımların atılması zəruridir. İlk növbədə otelçilik və yerləşdirmə sektorunun daha da inkişaf etdirilməsi vacibdir. Eyni zamanda Azərbaycan mətbəxinin tanıdılması və bu sahədə keyfiyyət standartlarının qorunması ön plana çəkilməlidir. Turistlərin daşınması (transfer xidmətləri) sahəsində xidmət səviyyəsinin yüksəldilməsi və bu sahəyə dövlət nəzarətinin gücləndirilməsi də mühüm məsələlərdəndir. Turistlərin həm rahatlığını, həm də iqtisadi baxımdan məmnunluğunu təmin etmək üçün ciddi nəzarət mexanizmləri tətbiq olunmalıdır. Məqsəd odur ki, ölkəmizə gələn turistlər buradan müsbət təəssüratla ayrılsın və növbəti səfərlərində özləri ilə əlavə turistləri də gətirməyə maraqlı olsunlar. Turizm infrastrukturunun inkişafında kompleks yanaşma və effektiv dövlət nəzarəti Azərbaycanın bu sahədə daha böyük uğurlar əldə etməsi üçün əsas şərtlərdən biridir", - deyə iqtisadçı qeyd edib.
Səidə Ramazanova