Gəncə Şəhər İcra Hakimiyyətinə ayrılan 192 milyon manatlıq vəsaitin auditində pozuntular aşkarlanıb

Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən 2025-ci ilin İş planına uyğun olaraq Gəncə Şəhər İcra Hakimiyyətinə ayrılmış vəsaitlərin istifadəsinə dair audit aparılıb.

Olaylar palataya istinadən xəbər verir ki, audit mənzil fondunun əsaslı təmiri, yolların əsaslı təmiri, abadlıq işləri, eləcə də "Gəncə şəhərində İdman Sarayının tikintisi" və 249 mənzilli yaşayış binasının inşası layihələrini əhatə edib.

01.01.2023-01.07.2025-ci illəri əhatə edən audit ümumilikdə 192 milyon manat vəsaiti əhatə edib və dövlət vəsaitlərinin, eləcə də dövlət əmlakının idarə olunmasının hüquqi aktlara uyğunluğu qiymətləndirilib.
Auditin nəticələrinə görə, bir sıra ciddi maliyyə və prosedur pozuntuları aşkarlanıb. Belə ki, 249 mənzilli yaşayış binasının tikintisi üzrə layihədə nəzərdə tutulmayan əlavə işlərin smetaya daxil edilməsi nəticəsində müqavilə dəyəri 79,3 min manat artırılıb və podratçıya artıq ödəniş edilib.

Gəncə İdman Sarayının tikintisi layihəsində isə işlərin dəyərinin təkrar hesablanması və smeta pozuntuları nəticəsində müqavilə məbləği 6,16 milyon manat artırılıb. Eyni zamanda, smetada nəzərdə tutulmuş bəzi işlərin icra olunmaması və bəzi avadanlıqların alınmaması fonunda işlərin dəyəri əlavə olaraq 3,35 milyon manat şişirdilib.

Bundan başqa, 2015-2018-ci illərdə həyata keçirilmiş 249 mənzilli binanın tikintisi zamanı dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinin pozulduğu, bəzi işlərin faktiki icra olunmadan sənədlərdə göstərildiyi müəyyən edilib. Bu hallar nəticəsində işlərin dəyəri 1,28 milyon manat artırılıb və artıq vəsait ödənilib.

Mənzil fondunun əsaslı təmiri üzrə də oxşar pozuntular aşkarlanıb. Belə ki, 2023-cü ildə 144,3 min manat, 2024-cü ildə isə 258,2 min manat məbləğində artıq ödənişə yol verilib.

2025-ci ildə Ekoloji Park Kompleksinin tikintisi və abadlıq işləri, həmçinin yolların əsaslı təmiri layihələri üzrə smetada nəzərdə tutulmayan işlərin müqavilələrə daxil edilməsi nəticəsində müvafiq olaraq 1,24 milyon manat və 155,7 min manat artıq vəsait ödənilib.

Bundan əlavə, yolların əsaslı təmiri üzrə 6 obyekt üzrə faktiki icra olunmayan işlərin sənədlərə daxil edilməsi nəticəsində 252,7 min manat artıq ödəniş edildiyi müəyyən olunub.

Audit həmçinin maliyyə əməliyyatlarında sənədləşmə qaydalarının pozulduğunu, mühasibat yazılışlarının vaxtında aparılmadığını və bəzi hallarda vergi qanunvericiliyinə əməl olunmadığını ortaya çıxarıb. Tikinti obyektlərinin vaxtında istismara verilməməsi isə mühasibat uçotunda başa çatmamış tikililərin dəyərinin artmasına səbəb olub.

Hesablama Palatasının Kollegiyası tərəfindən bir sıra vəsaitlərin bərpası təmin edilib. Belə ki, İdman Sarayı layihəsi üzrə 9,52 milyon manatlıq artıq dəyər azaldılıb, 249 mənzilli bina üzrə 1,112 milyon manat büdcəyə qaytarılıb, 246,3 min manatlıq işlər naturada bərpa olunub. Mənzil təmiri üzrə 258,2 min manat, yollar üzrə 155,7 min manat və əlavə olaraq 252,7 min manat dövlət büdcəsinə geri ödənilib.

Eyni zamanda, Ekoloji Park layihəsi üzrə 1,436 milyon manatlıq artıq müqavilə məbləği azaldılıb. 2023-cü il üzrə mənzil təmiri ilə bağlı artıq ödənişlərin bərpası üçün məhkəmə iddiası qaldırılıb və proses hazırda davam edir.

Kollegiya həmçinin yolların əsaslı təmiri üzrə 19,9 milyon manatlıq və mənzil fondu üzrə 1,99 milyon manatlıq işlərin balansda düzgün uçota alınması və dövlət əmlakı hesabatlarında müvafiq düzəlişlərin aparılması barədə qərar qəbul edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31