Ermənistan Cənubi Qafqazda iqtisadi və enerji əlaqələrinin inkişafında maraqlıdır — Vahan Kostanyan
20:02 İqtisadiyyatErmənistan Cənubi Qafqaz regionunda iqtisadi və enerji əlaqələrinin inkişafında maraqlıdır.
Bu sözləri Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən panel müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, dayanıqlı sülhün təmin edilməsi davamlı iş və institusional yanaşma tələb edir.
"Sabitlik və sülhün qurulması gündəlik, davamlı səylər tələb edir. Sülh bir dəfə əldə edilən bir şey deyil - onu daim qorumaq və institusional səviyyədə möhkəmləndirmək lazımdır", - deyə o qeyd edib.
Nazir müavini vurğulayıb ki, Ermənistan regionda iqtisadi əlaqələrin inkişafına xüsusi önəm verir.
"Biz artıq Azərbaycanla ticarətə başlamışıq və yaxın gələcəkdə Ermənistanın da Azərbaycana məhsul ixrac etməsini gözləyirik", - deyə Kostanyan bildirib.
Onun sözlərinə görə, perspektivli istiqamətlərdən biri enerji əməkdaşlığı və regional əlaqəliliyin inkişafıdır.
"Enerji təhlükəsizliyi yalnız ikitərəfli deyil, həm də regional səviyyədə potensial əməkdaşlığın vacib hissəsidir. Biz enerji təchizatı mənbələrinin diversifikasiyasına, eləcə də Mərkəzi Asiya və Azərbaycandan Avropaya gedən enerji resursları üçün tranzit mərkəzinə çevrilməkdə maraqlıyıq", - deyə nazir müavini vurğulayıb.
O həmçinin bildirib ki, Ermənistan ABŞ ilə iri infrastruktur layihələrində iştirak edir.
"Biz ABŞ tərəfdaşlarımızla üç böyük layihə həyata keçiririk, bunlara dəmir yolları, avtomobil yolları, həmçinin enerji şəbəkələri və boru kəmərləri daxildir", - deyə nazir müavini əlavə edib.
O, bərpa olunan enerji və Avropa İttifaqı ilə əməkdaşlığın əhəmiyyətini də qeyd edib.
"Ermənistan regionda "yaşıl enerji" istehsalında liderlərdən biridir. Biz həmçinin yeni atom elektrik stansiyasının tikintisini planlaşdırırıq və Avropa İttifaqı ilə əməkdaşlığı fəal şəkildə genişləndiririk", - deyə Kostanyan bildirib.
Onun sözlərinə görə, Avropa istiqaməti Ermənistan üçün strateji əhəmiyyət daşıyır.
"Aİ ilə əməkdaşlıq bizim üçün son dərəcə vacibdir və Ermənistan xalqının Avropa istəklərini əks etdirir. Bu kontekstdə Gürcüstanın Avropa gələcəyi də Ermənistan üçün böyük əhəmiyyət kəsb edir", - deyə V. Kostanyan vurğulayıb.