ŞOK PROQNOZ - Hər şey bahalaşacaq...

Dünya bazarlarında neftin yenidən ucuzlaşacağı ilə bağlı ümidlər azalsa da, qlobal tədarük zəncirindəki köklü dəyişikliklər qiymətlərin yüksək qalacağını qaçılmaz edir.

Musavat.com xəbər verir ki, Britaniyanın "Independent" nəşrində dərc olunan analitik materialda İrandakı müharibənin neft tədarükünü tamamilə dəyişdiyi və ölkələrin artıq "qabaqlayıcı" tədbirlər görməyə başladığı qeyd olunur.

Hətta Hörmüz boğazı açılsa belə, yanacaq qiymətlərinin əvvəlki normaya qayıtması real görünmür.

Gəmilərin sığorta xərclərinin kəskin artması və tankerlərin Yaxın Şərqdən yan keçərək daha uzun marşrutlara üz tutması hər litr benzinin maya dəyərinə əlavə xərclər gətirir.

Neft qiymətlərinin artımı təkcə sürücülərin cibinə deyil, həm də gündəlik istifadə etdiyimiz 6000-dən çox məhsulun qiymətinə birbaşa təsir edir. ABŞ Energetika Nazirliyinin məlumatına görə, aspirin kimi dərman preparatlarından tutmuş, yuyucu vasitələrə, diş pastasına, plastik məmulatlara və kənd təsərrüfatı gübrələrinə qədər hər yerdə neftin payı var.

Tikinti sektorunda istifadə olunan asfalt, borular və boyalar da neft məhsulları olduğu üçün mənzil bazarında qiymət artımı qaçılmazdır.

2020-ci ilə qədər dünya iqtisadiyyatı "tam vaxtında" (just-in-time) prinsipi ilə işləyirdi, yəni biznes yalnız gündəlik ehtiyacı qədər xammal alırdı. Lakin Ukrayna və İrandakı müharibələr bu yanaşmanı "hər ehtimala qarşı" (just-in-case) prinsipi ilə əvəzlədi. İndi dövlətlər nəhəng anbarlar tikir və strateji ehtiyatlar toplayırlar ki, bu da son istehlakçı üçün əlavə xərc deməkdir.

Beynəlxalq Enerji Agentliyi (BEA) 1970-ci illərdəkindən daha dəhşətli bir "neft şoku" proqnozlaşdırır. Bu arada ABŞ Maliyyə Nazirliyi Rusiya nefti üçün tətbiq edilən güzəştlərin dayandırılacağını bəyan edib ki, bu da ölkənin iqtisadiyyatı üçün ciddi zərbə hesab olunur.

Mütəxəssislər hesab edirlər ki, sülh razılaşması əldə olunana və gəmiçilik bərpa edilənə qədər neftin qiyməti 80-100 dollar aralığında dəyişəcək. Sənaye artıq zərurət üzündən "yaşıl" enerjiyə investisiya qoymağa başlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31